image-prezident_qebul_240118backend

Azərbaycan – İsrail mütəffiqliyi: Ermənistan niyə təşvişə düşüb?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, son on ildə Azərbaycan – İsrail əlaqələri təkcə İranı deyil, eyni zamanda Ermənistanı da ciddi formada təşvişə salıb. Əgər belə olmasaydı, İsrailin 24 news telekanalının yanvarın 27-də Azərbaycan-İsrail siyasi-iqtisadi və hərbi əlaqələrinə həsr olunan proqramı, erməni diasporasının nəzarətində olan ABŞ-ın Kaliforniya ştatından yayımlanan “TheCaliforniaCourier.com” saytında təhlil mövzusu olmazdı. Maraqlısı budur ki, elə proqramın təhlilini də saytda Harut Sasunyan adlı erməni edib.

Nəşirin yazarı qeyd edir ki, İsrail televiziyası Azərbaycan- İsrail siyasi-iqtisadi, xüsusən də hərbi əməkdaşlığı ilə bağlı təbliğat aparır. Sasunyan anlamır ki, əgər Azərbaycan və İsrail mütəffiq ölkələrdirlərsə, o zaman onun istər yerli, istərsə də beynəlxalq media orqanları bu istiqamətdə təbliğat aparmalarında gizli heç bir şey yoxdur.
Əgər proqramda İran və Ermənistan tərəzinin eyni gözünə qoyularaq tənqid olunublarsa, aşağılanıblarsa, deməli hər iki ölkə bu aşağılanmaya, bu təhqrilərə layiqdirlər. Yayılan proqramda səsləndirilən fikirlərə diqqət edək:

“Azərbaycanla İsrail arasında hərbi əlaqələr hər dəqiqə yaxınlaşır. 2016-2020-ci illər arasında Bakının silah, dron və elektron sistemlərinin 69 faizi İsraildən alınıb. İsrail döyüş materiallarının demək olar ki, beşdə biri ixrac edilərək Azərbaycana göndərilib”.
Əgər Azərbaycan özünün iqtisadi gücündən,maliyyə imkanlarından istifadə edərək İsraildən silah-sursat və yaxud da hansısa hərbi yönünlü ləvazimatlar alırsa,  burda  niyə problem olmalıdır. Azərbaycan aldığı hər bir silahın pulunu ödəyir. Amma Ermənistan son 30 ildə Rusiya tərəfindən qarşılığı ödənmədən qiyməti milyardlarla ölçülən silah və sursata sahib olub. Özü də gizlin formada, Beynəlxalq təşkilatlardan gizlədilərək. Bu hədiyyə olunan silah-sursat Azərbaycanın işğal edilən torpaqlarında gizlədilib. Həmin silahlar 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan silahlı qüvvələri tərəfindən darmadağın edildi və bu gün Bakıda “Hərbi Qənimətlər” Parkında sərgilənməkdədir.

Həmin proqramda Bakıda anadan olan və hazırda İsraildə yaşayan politoloq Roman Qureviçin fikirləri erməni yazar Harut Sasunyanı qorxudub.   Ermənilərin təbliğat maşını olan saytda Harut Sasunyan deyir: Roman Qureviç bildirir ki, iki ölkə arasındakı əlaqələriin gedişi alqışlanandı: “İsraildə biz yanacağımızın 40 faizini Azərbaycandan alırıq. Azərbaycan bizim texnologiyamızdan istifadə edir və bizim çox mühüm ümumi strateji məsələlərimiz var. 20-ci əsrin əvvəllərində Bakı artıq neft hasilatının dünya paytaxtı idi. Bir əsr əvvəl dünya neftinin yarısı Azərbaycanda hasil edilirdi. Bundan əlavə, 1930-cu illərin kommunist dövründə diktator İosif Stalin istehsalı maksimuma çatdırmaq qərarına gəldi. İkinci Dünya Müharibəsi bitdikdən sonra Hitlerin ad günü tortunu hər kəs izləyib.  Bu tortla Hitler və faşist Almaniyasının əsas məqsədi açıqlanırdı. Məqsəd Xəzəri fəth etmək və Bakıya sahib olmaq, zirvəyə çatmaq idi. Nasistlər uğur qazana bilmədilər. Bu, həm də mütəffiqlərin qələbəsinə töhfə verdi, çünki müharibə zamanı Qızıl Ordunun neftinin 75 faizi Azərbaycandan gəlirdi”.

Qureviç əlavə edib ki, ikinci müharibə iki il əvvəl, 2020-ci ildə erməni əsgərləri Azərbaycan ordusunun iki yüksək rütbəli zabitini öldürəndə baş verdi:

“ Nəticə odur ki, Azərbaycan buna cavab verdi və demək olar ki, bütün işğal olunmuş əraziləri azad etdi. Ermənilər Azərbaycanı işğal edəndə iranlılar Ermənistanı təhdid etmirdilər. İndi ərazini azad edəndən sonra Azərbaycanı hədələmək qərarına gəliblər. Çox qəribə bir şeydir və çox qəribə bir ittifaq… Azərbaycan bu qələbədən sonra İsraillə Türkiyənin yaxınlaşması sayəsində daha da güclənir. İranlılar təzyiq altındadır. İran qonşular arasında yaxşı münasibətlər qurmaq əvəzinə bütün dünyaya problemlər yaradır”.
İsrailin keçmiş naziri Efraim Snehinin açıqlamasına da yer verən erməni saytı onun “Biz müstəqil, dünyəvi Azərbaycanın güclü tərəfdarıyıq. Və bu bizim bir yerdə olmağımızın əsasını təşkil edir. Bu mənada bu çox vacibdir. Azərbaycandan İsrailə neft, bizdən onlara müdafiə texnikası gedir. Bu çox vacibdir. Ancaq əsas enerji və qorunmadır.”

Proqramda “Bakı hökuməti minlərlə qaçqını Qarabağın dağıdılmış rayonlarına yerləşdirməyə çalışır. Ona görə də onlar hələ də eksperimental layihələr olan ilk “ağıllı şəhərlər”i tikirlər. Ermənistanla müharibə nəticəsində qaçqınlar tamamilə dağılmış ərazilərdə məskunlaşdırılır. Problemlərdən biri də odur ki, sərhədyanı ərazilər tamamilə minalarla əhatə olunub. Xüsusi təyinatlı ordu hissələri və mülki şirkətlər yerləri mina tələlərindən təmizləməyə çalışırlar, lakin bu, heç vaxt bitməyən işdir. Azərbaycan və Ermənistan arasında iki silahlı münaqişə kövrək atəşkəs şəraitində mövcuddur. Lakin bu gərgin vəziyyət İranın nüvə yarışı ilə daha da mürəkkəbləşir və bu, nüvə bombası yaratmaq üçün kifayət qədər urana hər zamankindən daha yaxındır. İran üçün İsrailin Azərbaycanın müttəfiqi kimi sərhədində olması onun boğazına bıçaq dayamağa bənzəyir. Digər tərəfdən, yəhudi dövləti ayətullahların məhv olmaq təhdidlərini həyata keçirməməsi üçün hər şeyi edəcək. Bu, daha çox olmasa da, üç nəfərlik bilaryard oynamaq kimidir”.

Əslində isə Harut Sasunyan bu proqramı,belə geniş formada yaymaqla, bütün dünyaya Azərbaycan və İsrail mütəffiqliyinin nə qədər sülhsevər, regionun təhlükəsizliyində oynaya biləcəyi arqumentlərin  olduğunu özü də bilmədən təqdim etmiş oldu. Bu gün Azərbaycan təkcə İsraillə deyil,eyni zamanda Avropanın müxtəlif ölkələri ilə iqtisadi-siyasi, o cümlədən də hərbi sahədə əməkdaşlıq edir. Azərbaycanın özünün silah sənayesi, dünya silah bazarında özünə kifayət qədər bazarlar müəyyənləşdirə bilib.  Harut Sasunyanın məqaləsi də elə qeyd etdiyim İran və Ermənistan siyasətinə uyğun gəldiyindən,bunu elə də vahiməli qəbul etməyə dəyməz.

Vətəninfo.az

Analtik şöbə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki