Martın 7-si görkəmli ictimai xadim, pedaqoq, jurnalist, ustad redaktor Nəsir İmanquliyevin anım günüdür.
Azərbaycan təhsilində, jurnalistikasında müstəsna rolu olan publisist və pedaqoq Nəsir İmanquliyev Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, bacarıqlı jurnalist kadrların hazırlanmasına əvəzsiz töhfələr verib.
Nəsir İmanquliyev 1911-ci ildə anadan olub. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Lassal adına Neft Texnikumuna qəbul olub. Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi olub, həm də hərbi hissədə tərcüməçi kimi xidmət edib. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin edilib, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş məqalələri dərc olunub.
N.İmanquliyev 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətə başlayıb. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olub. Gənc jurnalist kadrlarının hazırlanmasında N.İmanquliyev mühüm xidmətlər göstərib. O, 1958-ci ildə “Bakı” və “Baku” (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.
Professor Nəsir İmanquliyev 1998-ci il martın 7-də vəfat edib.
2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən ölkəmizdə Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.
Nəsir İmanquliyev Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirərək mətbuat tariximizdə özünəməxsus yer tutub, orijinal bir jurnalistlik məktəbi yaradıb.