image-a70871b1-d4b5-3a21-9d67-d254b99bef7c_850backend

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarını təbrik edib

image-reklam_sirab_01

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə layiqli yer tutmuşdur. Bu gün Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkənizin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazandığınız uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir.

Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.

Cari ilin avqustunda Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkanlar açmışdır. Eyni zamanda bu yaxınlarda Astanada Sizinlə görüşümü məmnunluqla xatırlayır, əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni təkan verəcəyinə inanıram.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki