image-annabackend

Azərbaycanda partiya sədrinin müavini Paşinyanın həyat yoldaşının müdafiəsinə QALXDI

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, Ədalət Partiyası sədrinin müavini, politoloq  Elxan Şükürlü Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın İran prezidentinin həyat yoldaşıyla görüşlərindən paylaşılan fotolar  sərt münasibət bildirib. Partiya rəsmisi sosial şəbəkənin  Azərbaycan seqmentində edilən paylaşımları tənqid edib.
Ədalət Partiyası funksioneri facebook sosial şəbəkəsində paylaşdığı açıqlamada deyir:
“Ta qədimdən müdriklər ən qatı düşməniylə rəftarında ölçünü gözləyən, həddi aşmayan insanları hədsiz dərəcədə yüksək qiymətləndirər və bunu həqiqi ləyaqətin, igidiliyin və mərdliyin gerçək göstəricisi, əsilzadəliyin “danşan dili” sayardılar.
Deyərdilər ki, yalnız həqiqi ləyaqət sahibləri məğlub etdiyi düşməniylə də ləyaqətlə davranar, onu aşağılamaz, alçaltmaqdan zövq almaz! Çünki ləyaqətli adam üçün önəmli olan önündəkinin kimliyi deyil, özünün önündəkilər qarşısında davranışlarıdır: o, hər situasiyada, o cümlədən döyüşdə, düşmənçilikdə belə, ləyaqətli davranmalı, özünü ifadə etməlidir!
Biz azərbaycanlılarda da tarixən həmişə seçilmişlərimiz bu düşüncə sahibləri olublar. Ən igid adamlarımız, ən çox hörmət edilənlərimiz düşmənçilikdə də ölçünü gözləyənlərimiz sayılıb. Xüsusən də düşmənimizin xanımıyla, ailəsinin qadın təmsliçiləriylə sayğılı, ölçülü rəftarı kişiliyin qızıl qaydalarından biri bilmişik…
Çox təəssüf ki, bizi biz edən, bizə hörmət gətirən bir çox adətlərimiz, ənənələrimiz kimi, artıq bu xüsusiyyətimizi də itirir, getdikcə cılızlaşan, dəyərsizləşən bir ət yığınına çevrilirik!
Baxın, hər gün “türk əxlaqı”ndan ağızdolusu danışan yekə-yekə kişilərimiz 2 gündür Ermənistan baş naziri Nikol Paşinyanın xanımı  Anna Akopyanın İran prezidentinin həyat yoldaşıyla görüşlərindən fotolar paylaşaraq, onları aşağılayır, ağızlarına gələni yazırlar. Eyni adamlar bir müddət əvvəl Fransa prezidenti Makronun xanımına qarşı da bu tərz davranış nümayiş etdirirdilər…
Vallah, ayıbdır, bizə, xalqımıza yaraşmaz! Özünüzə, etdiklərinizə bir kənardan baxmağı bacarın! Bu xalqın əsrlər boyu formalaşmış adətlərini, ənənələrini ayaqlar altına atıb özünüzə oxşatmayın! Gedin, silah götürün, vuruşun, döyüşün, ölün, öldürün, ancaq belə davranmayın, bu axmaq hərəkətlərinizə son qoyun, özünüzü ləyaqətlə aparın!
Bütün dinlərin qızıl qaydası budur: özünüzə rəva bilmədiyinizi, başqasına rəva görməyin!”.
Vətəninfo.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki