image-imagesbackend

Bakıda anti-NATO və anti-AKP tədbiri?

image-reklam_sirab_01

Biz türk(iyə) ictimai rəyini öz lehimizə necə yararlana bilirik? Türkiyə seçkiləri yaxınlaşdıqca bu sualı tez tez eşidəcəyik. Haqlı olaraq qeyd olunur ki, bəzən astagəlliyimiz, bəzən də yanlış yanaşmalarımız üzündən çox yaxın bildiyimiz ölkədə belə ictimai rəyi düşmənlərimizə uduzuruq. Amma elə yanlışlar da var ki, onların səbəbindən nəinki qardaş ölkədə, olduqca həssas zamanda dünyada ictimai rəyin əleyhimizə dəyişə biləcəyinin fərqində deyilik, deyəsən.

 

 

Bakıda Azərbaycanın Avrasiyada inteqrasiyada roluna həsr olunmuş dəyirmi masa keçirilib. Rusiyanın Bakıdakı səfirliyinin, bir QHT-nin və özəl ali məktəblərdən birinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya baş nazirinin müavini Fedor Çernitsin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin və Belarus diplomatları da təmsil olunub.

Adi, hətta gərəkli tədbirdir demək olardı. Hədəfimiz olmadığından adlarını qeyd etmədiyimiz düşüncə mərkəzi və özəl ali məktəb beynəlxalq əhəmiyyətli tədbir keçirir, ölkənin alternativ və ya perspektiv geosiyasi seçimlərini müzakirə edir.Pis nə var ki? Amma…

Avrasiyaçılıq mövzusunda olması, Rusiya səfirliyinin təşkilatçlığı ilə baş tuması, üstəlik, Türkiyə səfirliyinin və hökumət nümayəndələrinin iştirakdan imtina etməsi, əvəzində türk tərəfini ifrat avrasiyaçı(rusiyaçı) baxışları ilə tanınan Vətən Partiyasının sədri, prezidentliyə namizəd Doğu Perinçekin təmsil edəcəyi və açılış nitqi ilə də onun çıxış edəcəyi haqda anons istər-istəməz toplantıya sıradan bir tədbir kimi baxmamaq lazım gəldiyini deyirdi.

Tədbir haqda məlumat verən “Aydınlık” qəzeti qeyd edir ki, Türkiyə səfirliyinin nümayəndələrinin tədbirdə iştirak etməyəcəkləri son anda açıqlanıb: “Bütün türk dövlətləri oradadır. AK Partiya hökuməti toplantıda iştirakdan imtina edərək, Avrasiyadan, eləcə də türk dövlətlərindən qopdu. İclas iştirakçıları Türkiyənin mövqeyini xarici işlər nazirinin “Rusiyaya qarşı sanksiyalar” bəyanatları ilə əlaqələndiriblər”. Bir sözlə, Perinçekə məxsus qəzet Rusiya səfirliyinin Bakıda təşkil etdiyi tədbirdə iştirak etməməyi türk dünyasından qopmaq sayır. Belə çıxır ki, “türk dünyasından qopmamaq üçün” rus diplomatlarının kefi istəyəndə toplaşmaq mütləqmiş.

Perincekin çıxışı duginçi- türkçülər üçün türk dünyası anlayışının nədən ibarət olduğuna da aydınlıq gətirir: ”Bizim böyük vətənimiz Avrasiya böyük imperiyaların qitəsi, qədim dünya sivilizasiyasının toplandığı məkandır”. Sonra rus şairi Aleksandr Blokun bir əsr əvvəl, 1918-ci ildə Rusiyanın məğlubiyyətini sənədləşdirən Brest –Litovsk süh müqaviləsindən sonra qələmə aldığı “Skiflər” şeirini oxuyub. Şeir velikorus millətçiliyinə həsr olunan ənənəvi əsərlərin dekadansıdır, rusların skiflərlərlə(asiyalılarla) əməkdaşlıq edərək Avropaya qarşı mübarizə apara biləcəyini, velikorusların da skif kimi çıxış edəcəyini vurğulayırdı. Hazırda “skif-sarmat nəzəriyyəsi” Rusiyada protoslavyanların mənşəyini izah etmək üçün istifadə olunur, daha doğrusu, skiflər protoslvayanlar sayılır. Yəni skif sözünü eşidib türk keçmişinə reverans olunduğunu zənn edəcək azərbaycanlılar yanılırlar, skif tarixi rus interpretasiyasında onların özlərinin qədimliklərini və böyüklüklərini vurğulamaq üçün istinadgahdır. Duginçi türkçülərin türk dünyası anlayışı ilə rus şovinsitlərin rus dünyası təsəvvürləri belə üst-üstə düşür: Rusiyanın böyüklüyü, Rusiyanın qədimliyi, Rusiyanın idarə etdiyi “skif dünyası”.

Azərbaycanlıları, rusları və Türkiyə türklərini Avrasiyanın ön sıralarında görən Perinçekin fikrincə, Qarabağda da işğalçı erməni ordusuna qarşı yox, Atlantik sistemə(NATO-ya) qarşı vuruşubmuşuq. “Bu gün də biz Ukrayna cəbhəsində vuruşuruq. Suriya və İraqın şimalında döyüşürük və Şərqi Aralıq dənizində ABŞ-a qarşı hazırıq. Çinli dostlarımız da ABŞ-ın Tayvan boğazında istənilən hücumuna cavab verməyə hazırdır”. Beləliklə, Rusiyanın Ukrayna torpaqlarını işğal etmək üçün başlatdığı müharibə ilə Azərbaycanın öz işğal olunmuş ərazilərini geri qaytarmaq üçün apardığı Vətən müharibəsi eyniləşdirilir.Üstəlik, bizim adımızdan Tayvan boğazından Krıma, Donbasdan Aralıq dənizinə qədər hər yerdə NATO-ya qarşı cəbhə açılır.

Rusiya əleyhinə heç bir sanskiyaya qoşulmamağa çağıran Perinçek Qərbin özünə sanksiya tətbiq etməyi və Avrasiya İttifaqına qoşulmağı vacib bilir:” Biz Avrasiyada yaradılmış bütün kontinental və regional əməkdaşlıq təşkilatlarını, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatını genişləndirməli və inkişaf etdirməliyik. Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə birlikdə Rusiya və Çin dostluğu ilə Avrasiyanın birləşməsinə və tərəqqisinə mühüm töhfə verəcəklər” və s. və il.

Zələzələdən sonra edilmiş yardımlar Qərblə Ankara arasında ziddiyyətləri xeyli yumşaldıb, üstəlik, Türkiyə seçki ərəfəsindədir. Belə bir vaxtda Bakıda keçirilən tədbirdə Qərbə meydan oxunmasına, AKP-nin türk dünyasından qopmaqda suçlanmasına imkan tanınması bir az qəribədir. Səfərin Türkiyənin razılığı ilə baş tutduğu deyilə bilər, amma Türkiyədən səfirlik səviyyəsində belə heç kimin tədbirdə olmaması bütün məsuliyyəti təşkilatçıların, tədbirə məkan verən tərəfin üzərinə qoyur. Hansısa iddialı , siyasi keçmişi və bu günü ziddiyyətli fiqur öz faktiki seçki platformasını niyə Bakıda açıqlamalı, rəqiblərə qarşı mübarizəsinə niyə Bakıda start verməli idi? Həm də bu “platformanın” rus rəsmilərinin qarşısında sərgilənməsinin mənası nə idi? Seçkidə dəstək ummaq, yoxsa hesabat vermək?

Üstəlik, o ziddiyyətli fiqurun Azərbaycana münasibəti də birmənalı deyil. Xatıladaq ki, Perincekin partiyası və media resursları 2021-ci ildə SEPAH-ın Araz boyu keçirdiyi “Xeybər fatehləri” təlimi ilə başlamış İran-Azərbaycan gərginliyi zamanı İranı müdafiə edən mövqedən çıxış edirdi, bu mövqe ötən il İran və Azərbaycan arasında yeni gərginlik yaşananda da dəyişmədi. Rusiya-Ukrayna savaşı başlayandan sonra isə Lvovda anqarda saxlanan, təmir məqsədilə gətirilmiş Azərbaycan hərbi təyyarələrinin rus ordusu tərəfindən bomdardman edilməsinə haqq qazandırır, Azərbaycan tərəfinin Ukryanaya humanitar yardımlarını “ihanet” kimi qiymətləndirirdi.

Bakıdakı tədbirdə Rusiyanın işğalçılığına haqq qazandıran çxışlar edildiyi gün ABŞ-ın nüfuzlu “The National İnterest” nəşrində Ukraynanın “Euromaidan Press” saytının redaktoru David Kiriçenkonun ölkəsinin Dağlıq Qarabağ məsələsində Azərbaycanı müdafiə etməsinin səbəbləri haqda yazısı dərc olunub. Məqalədə Azərbaycanı mövqeyinin haqlı olması əsalandırılır, ermənilərin Qarabağdakı işğalçılığı rusların Ukrayanın işğal etməsi ilə müqayisə olunur.

Ola bilər ki, Rusiya səfirliyi ilə bərabər təşkilatçı kimi çxış edən Azərbaycan qurumları məsələnin mahiyyətinə varmayıblar. Amma çox nahaq. Maraqldır Perinçekin bu əcaib iddialarına cavab verilibmi? Ya sadəcə dinləyib əl çalmaqla kifayətləniblər?
Məşədi İbad demişkən, gəlin gətirəndə onun qadın, yoxsa kişi olmasını mütləq yoxlamaq lazımdır.

 

Cəmaləddin Quliyev

Xüsusi olaraq

Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki