Bayraktar TB2, “Skydagger” FPV kamikaze dronları ilə həyata keçirdiyi sınaq uçuşunda havadan buraxılan iki FPV dron vasitəsilə müəyyən edilmiş hədəfləri tam dəqiqliklə vurdu.
Vətəninfo.az-a Baykar şirkətindən daxil olan məlumatda deyilir ki, Baykar tərəfindən milli və orijinal şəkildə hazırlanan Bayraktar TB2 SİHA (Silahlı İnsansız Hava Aparatı) döyüş meydanının dəyişən şərtlərinə uyğun olaraq yeni qabiliyyətlərlə gücləndirilir. Keçirilən son sınaqda Bayraktar TB2, “Skydagger” tərəfindən hazırlanan FPV kamikaze dronlar ilə müəyyən edilən hədəfi tam dəqiqliklə məhv etdi.
Məlumatda vurğulanır ki, sınaq fəaliyyəti çərçivəsində “Kəşan” Uçuş Təlim və Sınaq Mərkəzindən 16 ədəd “Skydagger” FPV kamikaze dron ilə havaya qalxan Bayraktar TB2 sınaq ərazisinə göndərilib. Sınaq meydanında iki FPV dron Bayraktar TB2-dən buraxılıb. Bayraktar TB2 üzərindən qurulan əlaqə sayəsində yerdən asılı olmayaraq müstəqil operatorlar tərəfindən idarə olunan dronlar müəyyən edilən hədəfləri tam dəqiqliklə vurublar.
Məlumatda o da qeyd edilir k, başlanğıcdan bu günə qədər bütün layihələrini tamamilə öz resursları ilə həyata keçirən Baykar, 2025-ci ildə də pilotsuz uçuş aparatları seqmentində dünyanın ən böyük ixracatçısı olmağa davam etdi. Ötən 3 ildə dünya SİHA bazarındakı liderliyini qoruyub saxlayan Baykar, 2025-ci ildə əldə etdiyi 2.2 milyard dollarlıq ixracat həcmi ilə öz rekordunu yenilədi. Son illərdə gəlirlərinin 90%-ni ixracdan əldə edən Baykar Türkiyənin yüksək texnologiya ixracatının lokomotivi oldu.



























