image-reklam-veteninfo
image-1backend

Bələdiyyə sədri və oğlu saxlanıldı, 35 nəfər barəsində həbs qərarı verildi

image-reklam-veteninfo

Türkiyənin Muğla vilayətinin Milas rayonunda bələdiyyə ilə bağlı rüşvət və tender saxtakarlığı iddiaları üzrə genişmiqyaslı istintaq başladılıb. Araşdırma çərçivəsində bələdiyyə sədri Fevzi Topuz və oğlu Doruk Topuz da daxil olmaqla 35 nəfər barəsində həbs qərarı verilib. Əməliyyatlar zamanı 29 şübhəli saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, istintaq cinayətkar təşkilat yaratmaq və ya ona üzv olmaq, rüşvət almaq, tenderlərdə saxtakarlıq, rəsmi sənədlərin saxtalaşdırılması və dövlət qurumlarından istifadə etməklə ağırlaşdırıcı dələduzluq şübhələrini əhatə edir.

Muğla ilə yanaşı, Adana, Ankara, Bursa, Elazığ, Hakkari, İstanbul, Qaziantep, Kilis, Kocaeli, Manisa, Van və Ordu vilayətlərində eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat çərçivəsində polis əməkdaşları Milas Bələdiyyəsinin binasında da axtarış aparıblar.

İstintaq zamanı 34 şirkətə aid 35 tender sənədinin saxta olduğu, həmçinin 32 şirkət üçün ümumilikdə 33 iş təcrübəsi sənədinin bələdiyyə tərəfindən təsdiqləndiyi müəyyən edilib.

Ekspertiza şirkətlərin sənədlərində eyni bank hesabı nömrələrinin, vergi identifikasiya nömrələrinin və IBAN məlumatlarının yer aldığını üzə çıxarıb. Bundan başqa, işçi və əməkhaqqı məlumatlarında oxşarlıqlar, maliyyə məsləhətçilərinin məlumatlarında uyğunsuzluqlar və sənədlərdəki imzalarla bağlı şübhələr aşkarlanıb.

Araşdırma zamanı bank çıxarışlarında rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında fərqlər, müvəqqəti qəbul aktlarındakı imzaların surətinin çıxarılması və sənədlərin bir şəxs tərəfindən hazırlanması ehtimalları da qeydə alınıb.

İstintaq materiallarına əsasən, tamamlanmış kimi təqdim edilən, lakin faktiki olaraq başa çatdırılmadığı iddia olunan layihələr üzrə tenderlərin ümumi dəyəri 2 milyard 579 milyon 555 min 355 türk lirəsi olub. Bu, təxminən 88,5 milyon manata bərabərdir.

Dövlət Satınalmaları İdarəsindən əldə edilən məlumatlara görə, saxta olduğu iddia edilən iş təcrübəsi sənədlərindən istifadə edən səkkiz şirkət ümumi dəyəri 3 milyard 714 milyon türk lirəsindən çox olan 25 açıq tenderdə iştirak edib. Bu məbləğ təxminən 127,4 milyon manat təşkil edir.

Həmin şirkətlərin sözügedən sənədlərdən istifadə etməklə birbaşa və ya dolayı yolla nizamnamə kapitallarını ümumilikdə 342 milyon 880 min türk lirəsi artırdıqları da iddia olunur. Bu məbləğ təxminən 11,8 milyon manatdır.

İş üzrə istintaq tədbirləri davam edir. Şübhəlilərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənənədək onlar təqsirsiz hesab olunurlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki