image-cavansirbackend

“Biz həm sülhə, həm də hərbə hazırıq…”

image-reklam_sirab_01

Vətəninfo.az Millət vəkili Cavanşir Feyziyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

– Paşinyan Putinin Moskvaya dönməsini gözləmədən Vladivostoka getməsi, ordan yenə ziddiyyətli açıqlamalar verməsi sizcə sadəcə daxili auditoriyanı sakitləşdirməyə hesablanıb, yoxsa doğrudan da növbəti erməni hiyləsini gözləmək lazım?

– Məncə Paşinyanın Vladivostoka getməsinin Putinin Moskvaya qayıdıb – qayıtmaması ilə heç bir əlaqəsi yoxdur. Adətən dövlət və hökümət başçılarının səfərləri xeyli öncədən planlaşdırılır və bəzən belə görünsə də onlar spontan səfərlər etmirlər. Paşinyanın ziddiyyətli açıqlamalarına gəldikdə isə bu bizim üçün tanış mənzərədir. Keçən 30 il ərzində biz Ermənistan siyasi rəhbərliyindən həmişə ziddiyyətli açıqlamaların və addımların şahidi olmuşuq. Ümumiyyətlə, ermənilər sözü ilə əməli üst-üstə düşməyən nadir millətlərdən biridir. Ona görə də söylədiyiniz hər iki ehtimalı məqbul hesab edirəm. Bir tərəfdən, Paşinyan onu daim gərginlikdə saxlayan müxalifətin təzyiqləri qarşısında tez-tez yalan danışmağa  və bu yolla müxalifətin ardınca gedən təbəqəni neytrallaşdırmağa çalışır. Digər tərəfdən isə hiylə erməni siyasətinin əsas amillərindən biri və bəlkə də birincisi olduğunu bildiyimizdən onun açıqlamalarında və bəyanatlarında hər hansı məkr gizlənə biləcəyini də istisna etmək olmaz.

– Şəxsən siz yaxın zamanlarda Ermənistanla sülh müqaviləsinin imzalanacağını və normallaşma prosesinin başlanacağını gözləyirsinizmi?

-​ Bəli. Sülh müqaviləsinin imzalanacağına heç bir şübhəm yoxdur. Çünki biz həm sülhə, həm də hərbə hazırıq. Ermənistan isə hələ də  44 günlük müharibənin sarsıntılarını yaşayır, ordusu yox vəziyyətindədir və yenidən müharibənin alovlanması xofu hər bir erməninin ən pis yuxusuna çevrilib. Ona görə də sülh bizdən daha çox Ermənistana lazımdır. Onlar bunu dərk edirlər, amma yenə də sülh danışıqları ilə bərabər yəqin ki, guya hansısa güzəştlərə nail olmaq üçün  hər hansı hiyləyə əl atmaqdan da vaz keçmirlər. Amma bütün bunlar bizim üçün yeni deyil. Ermənistan siyasi hakimiyyətinin hər bir gedişi Azərbaycanda aydın oxunur və adekvat addımlar atılır. Uzun illər ərzində  torpaqların sülh yolu ilə azad edilməsi haqqında aparılan danışıqlarda da Ermənistan çoxsaylı hiylələrə əl atırdı. Nəhayət, biz torpaqlarımızı öz gücümüzə azad etdik. İndi yeni bir mərhələdəyik. Bu dəfə Ermənistan sülh müqaviləsi məsələsini qəsdən gecikdirməyə çalışsa Azərbaycanın çox asanlıqla onu sülhə məcbur etmək imkanları var. Ermənilər də bunu yaxşı bilir. Ona görə əminəm ki, sülh müqaviləsi imzalanacaq.

– Rus dilini öyrənmək Rusiyaya simpatiyadırmı, yoxsa dostumuzun-düşmənimizin dilini bilməyimiz zəruridir? Şəxsən siz nəvələrinizin rusdilli məktəblərdə oxumasını istərdinizmi?  

– ​Ümumiyyətlə, hər hansı bir dili öyrənmək hər kəsin şəxsi işidir. İnsan nə qədər çox dil bilsə o qədər yaxşıdır. Məktəblərimizdə bir çox xarici dillər tədris olunur, bu da təqdirəlayiq haldır. Hazırda nəinki rus dilini, hətta erməni dilini də öyrənən mütəxəssislərimiz var. Amma rus dilini bilmək üçün mütləq rus məktəbində oxumağa ehtiyac yoxdur. Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti ingilis dilini öyrənməyə üstünlük verir. Amma ölkədə ingilis məktəbi yoxdur ki. İngilis dili və ya rus dili təmayüllü məktəblərin olması isə normaldır. Zaman-zaman hər bir ölkədə xarici dillərin seçiminə olan maraq dəyişir. Bu daha çox gənclərin gələcək peşələrini hansı ölkələrdə daha dərindən öyrənə bilməsi və ya hansı ölkələrdə çalışmaq ehtimalının olması ilə bağlı ola bilər. Zənnimcə, bu günkü vəziyyətdə rus dilini daha yaxşı öyrənmək gənclərə heç nə vəd etmir. İndiyədək dünyada görünməmiş sayda sanksiyalara məruz qalmış bir ölkənin dilini öyrənməklə nəyə nail olmaq olar? Qərb dünyası tərəfindən Rusiya üzərinə qoyulmuş sanksiyalar səbəbindən Rusiyada nə iqtisadi inkişaf, nə də ümumiyyətlə hər hansı bir inkişaf perspektivi görünür. Deqradasiyaya uğrayan bir ölkədən heç bir fayda əldə etmək mümkün görünmür. Ona görə də xarici dil seçimində rus dilinin prioritet kimi baxılmasına inanmıram. O ki qaldı nəvələrim haqqında sualınıza, onlar yalnız Azərbaycan dilli məktəblərdə təhsil alırlar, amma paralel olaraq bir neçə dil  də öyrənirlər. Əsasən ingilis, ispan və çin dillərini öyrənməyə çalışırlar.

– Sizcə Rusiya bu qış Avropanı qazla “boğa” biləcəkmi? Siz Ukraynadakı müharibıənin gələcəyini necə görürsünüz?

– ​Zənnimcə, Avropada yaşana biləcək qaz və istilik problemi haqqında mülahizələr bir qədər şişirdilimiş məsələdir. Əminəm ki, Rusiya qazı olmadan belə Avropa bu qışı həmişəki qaydada keçirəcək və heç bir problemlə üzləşməyəcək. Bunun üçün həm Avropanın, həm də digər qaz və ya digər enerji növü təchizatçılarının kifayət qədər resursları var. Hazırda Avropanın yeraltı çənlərə vurulmuş təbii qaz ehtiyatları 82% təşkil edir ki, bu da həmişə olduğundan daha yüksək göstəricidir. Rusiyadan qaz idxal edilməyəcəyi halda guya Avropanın donacağı daha çox Rusiyanın xeyrinə aparılan təbliğat mövzusudur. Bu təbliğatı daha çox Rusiya mətbuatı və Qərb ölkələrində Rusiyanın maraqlarını müdafiə etməyə çalışan lobbiçilər aparır. Amma bu iddialar həqiqətə uyğun deyil. Ukraynadakı müharibənin gələcəyi isə artıq məlumdur. Hadisələrin gedişi onu göstərir ki, Ukrayna öz ərazi bütövlüyünü tam bərpa edəcək və Rusiya sonu görünməyən tənəzzülə məruz qalacaq və ölkə daxili sabitlik ciddi surətdə pozulacaq.

– Rusiya sülhməramlılarının Qarabağdakı ermənipərəst davranışlarını davam etdirməsi Moskvanın Azərbaycana qarşı qeyri-səmimiliyinin ifadəsidirmi?

– ​Rusiya sülhməramlılarının Qarabağdakı davranışları nə bizi, nə də özlərinin dediyinə görə erməniləri qane edir. Adətən sülhməramlı missiyalar haqqında həmişə belə iddialar olur. Amma bir həqiqət var ki, Vətən müharibəsinin sonunda və əminəm ki, elə indi də hələ sülhməramlıların ərazidə olması lazımdır. Bunun həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən səmərəli olduğuna inanıram. Amma əminəm ki, istənilən vaxt biz həmin sülhməramlılardan imtina etmək hüququmuzu istifadə edə bilərik. Səmimiyyətə gəlincə, siyasət səmimiyyətə yox, praqmatizmə əsaslanmalıdır və bizim halda da həmin qüvvələrin hazırda Qarabağda yerləşməsi Azərbaycan dövlətinin apardığı düşünülmüş praqmatik və səmərəli siyasətin bir elementidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image