image-meshurbackend

Bu cür siyasi “sürüşkən“lik Ermənistan üçün təhlükəlidir-Məşhur Məmmədov YAZIR

image-reklam_sirab_01

Ermənistan üzərində müşahidə olunan geopolitik qarşıdurma bu ölkənin daxilində siyasi qütbləşməni dərinləşdirib. Hətta Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyanın və Robert Köçəryanın son günlər verdiyi açıqlamalar da bir fikri təsdiq edir:  Müxtəlif güc mərkəzləri arasında siyasi poliqona çevrilməkdə olan Ermənistanın mövcudluğu sual altına düşə bilər. Baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşması adekvat olaraq Rusiya ilə münasibətləri gərginləşdirib. Paşinyanın Azərbaycanla sülh danışıqlarından yayınaraq, ABŞ, Fransa və Rusiya arasında manipulyasiya etmək cəhdləri Ermənistanı Cənubi Qafqazın ən qaynar nötəsinə çevirməkdədir. Son vaxtlar Ermənistanın adı geosiyasi münaqişə məkanı kimi Ukraynadan sonra daha  çox çəkilməyə başlayıb. Ona görə də sabiq prezident Levon Ter-Petrosyan Ermənistan dövlətinin yeganə çıxış yolu kimi Azərbaycan və Türkiyə ilə sülhə  nail olmasını təklif edir. Ter-Petrosyanın fikrincə, hətta bu razılaşma daha ağır kapitulyasiya sənədi olsa belə, Ermənistanın Baş naziri onu imzalamalı və ölkədəki bütün siyasi qüvvələr ona dəstək verməlidir. Çünki Ermənistanı Azərbaycanla sülh və əməkdaşlıq xilas edə bilər.  Əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Keçmiş dövlət başçısı anlayır ki, Baş nazir Paşinyan özünü manevrləri və Azərbaycana qarşı təxrubatları ilə regional “oyunçu” kimi təqdim etməyə çaışsa da bu statusa maik olmaq üçün Ermənistanın nə lazm olan siyasi, nə iqtisadi, nə də hərbi potensialı var. Ona görə bu cür siyasi “sürüşkən”lik Ermənistan üçün təhlükəlidir. Bu səbəbdən, Ter-Petrosyan yerdə qalan imkanları qoruyub səmərəli istifadə etmək üçün dolayısı ilə Paşinyana başqa dövlətlərin forpostu statusundan çıxaraq yeni əməkdaşlıq müstəvisinə keçməyi təklif edir.

Ter-Petrosyanın siyasi xələfi Robert Köçəryanın bir gün sonra keçirdyi mətbuat konfransında səsləndirdiyi təkliflər də özündə ciddi ismarıcları ehtiva edir.

Köçəryan da Ter-Petrosyan kimi Qərb və Rusiya arasında yaranmış maraqlar toqquşmasının Ermənistanın bölgədə mövqelərini zəiflətdiyinə işarə edir. Əslində, hər iki eks-prezident Paşinyanın ABŞ və Fransa üzərindən Kremlə “soyuq müharibə” açması fonunda Ermənistanda hakimiyyəti dəyişmək üçün alternativ qüvvə axtaran Rusiyaya öz xidmətini təklif edir. Hər iki siyasətçinin təklif etdyi geosiyasi formullar fərqli olsa da məzmunca eynidir. Belə ki, Ter-Petrosyan bölgədə Ermənistan-ABŞ-Fransa formatına qarşı Ermənistan-Rusiya-Türkiyə əməkdaşlıq modelini təklif edir. Bununla da Ter-Petrosyan  Rusiya-Türkiyə tandeminin regionda yaratdığı status-kvonu saxlamağın vacib olduğuna işarə edir. Bununla da o, Azərbaycan-Ermənistan sülh prosesinin Moskva və Ankaranın maraqları çərçivəsində təmin edilməsinə hazır olduğunu demək istəyir. Ter-Petrosyanın “Mən bu məsuliyyətdən qorxmuram” deməklə hər iki tərəfə “Paşinyan bu sənədi imzalamalıdır, əks tədiqrdə mən bunu etməyə hazıram” mesajını verir. Buraya həmçinin, Paşinyanın açmaq istəmidiyi Zəngəzur dəhlizi ilə bağlı razılaşma daxildir. Paşinyan bu məsələdə Zəngəzur dəhlizinin açılmasını istəməyən ABŞ-la yaxınlaşmaqla Rusiyaya qarşı mövqelərini gücləndirməyə çalışır.

Robert Köçəryan Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın maraqlarını təmin etməyə hazırdır. Lakin o, Ermənistan-Rusiya-İran hərbi formatının yaradılmasını təklif edir. Köçəryan bölgədə, xüsusilə də Zəngəzurda  İranın hərbi və siyasi rolunun artılmasını Türkiyənin təsirinin qarşısının alınması üçün vacib sayır. Ancaq İranın Ermənistanla hərbi müttəfiqə çevrilməsini yalnız Qərbin və Türkiyənin deyil, Rusiyanın özünün belə etirazına səbəb ola bilər. Köçəryanın təklif etdiyi kimi Zəngəzurda İranla hərbi təlimlərin keçirilməsi Tehran rejiminin Cənubi Qafqaza müdaxiləsi deməkdir. İkinci Qarabağ müharibəsindən sonra İran, ABŞ və Fransanın bu regiondakı geosiyasi proseslərdən kənarda qalmasına səbəb olan yeni status-kvo Rusiyanın mövqelərini gücləndirib. Ona görə də Moskva İranın Cənubi Qafqaza hərbi müdaxiləsinə heç bir halda razılıq verməz. Xüsusilə də Zəngəzur dəhlizi həm Rusiyanın, həm də Türkiyənin Cənubi Qafqazdakı “qırmızı xətt”i rolunu oynayır. Geostrateji əhəmiyyətə malik bu nəqliyyat və kommunkasiya dəhlizinə nəzarətin İranın əlinə keçməsi bölgədə növbəti münaqişəyə səbəb ola bilər. Lakin R.Köçəryanın Rusiya üçün həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu söyləmək çətindir. Putinin Ermənistandakı ən yaxın dostunun Kreml rəhbərinin siyasi iradəsinin əleyhinə gedəcəyi inandırıcı görünmür. Köçəryan hakimiyyətə gəlsə belə, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibətindən asılı olmayaraq, Rusiyanın sifarişi ilə 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, Zəngəzurdan dəhliz və ya yol açılmasını təmin bilər.

Köçəryan Ermənistan-Rusiya-İran hərbi alyansının yaradılması ilə yanaşı, İrandan zərbə dronlarının alınmasını təklif edir. Bu təklifin özü də Ermənistana qarşı beynəlxalq təzyiqlərə səbəb ola biləcək addım olar. İlk növbədə, Ermənistanın silah bazarı Rusiyanın inhisarındadır. Lakin son vaxtlar Paşinyan hökumətinin İran, İraq, Hindistanla hərbi əməkdaşlığı artırması, ABŞ Konqresində Ermənistana silah verilməsi barədə təklifin irəli sürülməsi Rusiyanı narahat edən xəbərlərdir. Ukraynada müharibəyə başladıqdan sonra silah istehsalı kəskin azalmasına baxmayaraq, Rusiyanın Ermənistanın silah bazarını digər tədarükçülərə təhfil verəcəyi inandırıcı görünmür. Eyni zamanda, Ermənistanın İranla münasibnətləri hərbi müttəfiqlik səviyyəsinə çatdırması və silah alması ABŞ-ın hazırda Azərbaycana münasibətdə rəsmi İrəvana verdiyi diplomatik dəstəyin tamamilə kəsilməsinə gəririb çıxara bilər. Bu ilk növbədə, İranın regiona hərbi müdaxilə təhlükəsi ilə bağlıdır. Həmçinin, Ermənistan İranın silah ixracına qoyulmuş sanksiyaları pozmaqla özünü Vaşinqtonun hədəfinə gətirmiş olar.

Əslində, Paşinyanın ABŞ-a və Fransaya səfərləri fonunda verdiyi  açıqlamalar Qərbə qarşı revanşın baş qaldırması deməkdir. Ermənistan cəmiyyətində anti-Rusiya çağırışlarının artması, hakimiyyətin  açıq Qərbyönlü kurs nümayiş etdirməsi Moskvanı hərəkətə keçməyə vadar edib. Bu gün Cənubi qafqazda Türkiyə və Azərbaycanla strateji əməkdaşlıq Rusiya üçün Ermənistanın maraqlarından daha önəmlidir. Ona görə də Nikol Paşinyanın Rusiya-Türkiyə tandeminə qarşı alternativ kimi ABŞ və Fransadan ibarət müqavimət mərkəzi formalaşdırmaq cəhdi  həm Ermənistanın xaricində , həm də daxilində siyasi qütbləşmənin yeni mərhələyə keçməsi ilə müşahidə olunur. Bu baxımdan, Köçəryanın çıxışı daha çox Qərbin artan fəallığına qarşıdır. Sabiq prezident bəyan edir ki, “Fransanın Azərbaycanla sərhədə müşahidəçi heyəti göndərməsi normaldır. Lakin NATO qoşunları İranla sərhəddə, Zəngəzurda olarsa və Ermənistanda Rusiyanın hərbi bazası varsa, bu, sadəcə olaraq lazımsız gərginliyə səbəb olacaq”.

Yəni Qərbin bölgədə qüvvələr nisbətini İrəvanın əli ilə dəyişmək cəhdləri Ermənistanı geosiyasi qarşıdurma poliqonuna çevirə bilər. Mövcud situasiyada Rusiyanın Azərbaycanın yanında yer alması isə bu prosesi sürətləndirə bilər. “Rusiya Azərbaycanla fəal əlaqələr qurur. Biz nəyəsə qadir olduğumuzu göstərməliyik. Rusiya kimi oyunçularla münasibətləri korlaya bilmərik. Bu, intihara bərabərdir”-deməklə Köçəryan Moskva vektorunu  Qərbə dəyişməyin Ermənistana qarşı təzyiqlərin artmasına səbəb olacağını diqqətə çatdırır. Çünki Ukraynadan fərqli olaraq, Cənubi Qafqazda regional oyunçu kimi Qərbin mövqeyi Rusiya ilə müqayisədə çox zəifdir. Ona görə də Köçəryan Qərbin və Rusiyanın bölgədə Türkiyədə artan təsrinin qarşısını ala bilmədiyinə işarə edir.

Onun “Türkiyənin hərəkətlərinə  nə Rusiya, nə ABŞ, nə də Fransa əvvəlki kimi təsir edə bilir…ABŞ-ın Ərdoğan üzərində Rusiyadan daha az təsir rıçaqları var”- kimi fikirləri məhz buna işarədir. Köçəryan bununla bölgənin yeni geosiyasi arxitekturasının Ankaranın artan təsiri nəticəsində formalaşdığını etiraf edir.

Köçəryan “Ermənistan danışıqlar masasının arxasında yox, üstündədir” ifadəsini işlətməklə ölkəsinin gələcəyinin  Rusiya, Türkiyə, Azərbaycan və ABŞ kimi regional aktorların maraqları müstəvisində müəyyənləşdiyini vurğulayır.

Köçəryan bu prosesin qarşısını almaq üçün Rusiyanın “forpostu” olaraq qalmağı və sülh prosesinə dair bütün razılaşmalardan imtina etməyi çıxış yolu hesab edir. Ancaq onun “Sülh dövrünü bitirmək və ordunun yenidən qurmaq” təklifinin Rusiya tərəfindən müsbət qarşılanacağı inandırıcı görünmür. Əgər Rusiya “sülhdən imtina və yeni müharibə” ideyasını qəbul etsəydi, 44 günlük müharibədən sonra Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsinə dəstək verə bilərdi. Lakin sülh prosesinin pozulmasını Rusiyanın maraqlarına zidd hesab edən Kreml bundan imtina etməyə üstünlük verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki