Çinin avtomobil istehsalçısı BYD Yaponiyada yeni Racco kei avtomobili ilə bazardakı mövqeyini gücləndirməyi hədəfləyir.
Kei avtomobilləri Yaponiyada avtomobil satışlarının təxminən üçdə birini təşkil edir. Bu seqment uzun illərdir ki, əsasən Honda, Suzuki və digər yerli istehsalçıların nəzarətindədir.
2025-ci ilin sonuna olan məlumata görə, BYD 2023-cü ilin əvvəlində Yaponiya bazarına daxil olduqdan sonra ölkədə 7 400-dən bir qədər çox avtomobil satıb.
Mütəxəssislərin fikrincə, Racco modelinin satışa çıxarılması Çin avtomobil istehsalçılarının qlobal bazarlarda artan təsirinin növbəti göstəricisidir. Bildirilir ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində BYD və digər yerli şirkətlər xarici avtomobil istehsalçılarının bazar payını sürətlə azaldır. Bu tendensiya Yaponiya avtomobil sənayesi üçün də rəqabətin daha da gücləndiyini göstərir.
Şirkət yaxın zamanda 2026-cı model ili üçün Sealion 06 DM-i krossoverini təqdim edib. Yeni model BYD-nin korporativ dizayn xəttini qoruyub saxlasa da, interyerdə sürücü və sərnişinlərin rahatlığına xüsusi diqqət yetirilib. Avtomobilin Çində satış qiyməti 19,1–23,5 min ABŞ dolları arasında dəyişir.
Bundan başqa, BYD elektrik avtomobillərindən birini ekstremal hava şəraitində sınaqdan keçirib. Avtomobil temperaturun -30°C olduğu iqlim kamerasına yerləşdirilərək, şiddətli şaxtada enerji doldurma və işləmə imkanları yoxlanılıb.


























