Dekabrın 6-da səhər Rusiyanın Kursk şəhərinin hava limanına pilotsuz təyyarənin hücumu barədə məlumat yayılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Kursk qubernatoru Roman Starovoit öz Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində hava limanı yaxınlığındakı neft anbarında yanğın baş verib.
“Zərərçəkən yoxdur. Yanğın lokallaşdırılıb. Bütün xüsusi xidmət orqanları yerində işləyir”, – Roman Starovoit yazıb.
Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hava limanı mülki uçuşlar üçün bağlanıb. Kursk vilayətində gücləndirilmiş terror təhlükəsi rejimi mövcuddur. Hakimiyyət mütəmadi olaraq Ukraynadan raket hücumu barədə xəbər verir.
Xatırladaq ki, ötən gün Rusiyanın daha iki aviabazasına PUA hücumu edilib. Ryazan yaxınlığındakı hava limanına hücum nəticəsində 3 əsgər ölüb, 4-ü yaralanıb, Engels hava limanında baş verən partlayış nəticəsində iki təyyarə zədələnib.