Təxminən iki gün sonra Vətən müharibəsinin başlanmasından bir öl ötəcək. Amma dünya hələ də özünün yaratdığı “ikili standartlar” təhlükəsindən azad olunmuş deyil. BMT Təhlükəsizlik Şurasının məhz Azərbaycanla bağlı qətnamələrinin 27 il icra olunmamış qalması, 1992-ci ildən ATƏT Minsk qrupunun həmsədrlərinin ölkəmizə mənasız səfərləri, müxtəlif beynəlxalq təşkilatların zaman-zaman Azərbaycana qarşı başlatdığı qarayaxma kompaniyaları torpağı işğal olunmaqla zülmlərə məruz qalan vətənimizə bir də ikili standartlarla zərbə vururdu. Ali Baş Komandanın müəllifi olduğu dəmir yumruq bütün bu zərbələri dəf edərək, haqlı qələbəsini tarixə yazdı. Bəs həmin “çoxrəqəmli” standartlar dəyişdimi? Ya da qarşı tərəf 30 il boyunca etdiyi cinayətlərdən əl çəkdimi?
Dədəmiz Qorqudun tez-tez işlətdiyi gözəl bir ifadə vardı, “Yağı düşmən dost olmaz!” Sentyabrın 29-da keçirilmiş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışında məhz Ermənistan tərəfinin hərbi cinayətlərindən danışan İlham Əliyev dünyanın eşitməyən qulağını, görməyən gözünü yenidən açmağa cəhd etdi: “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib”
Təbii ki, erməni vəhşiliyi təkcə 44 günlük müharibədə fəaliyyətdə deyildi, 30 il işğal altında saxladığı torpaqlarımızı yerlə-yeksan edərək vandalizm ifadəsinin sırf öz millətləri üçün yaradıldığı təəssüratını bizə aşılamaqdan da əl çəkmədilər. Dağılmış kənd və şəhərlər, viran qoyulmuş mədəni və dini abidələr erməni vandalizminin sübutudur. Dünyanın irqçiliklə mübarizə apardığı bir zamanda Füzuli şəhərində 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir. Halbuki ölkəmizin sərhədləri daxilində erməni kilsələri daim dövlətin diqqət və qayğı mərkəzindədir. “ Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb”
Təəssüf ki, erməni vəhşiliyi sərhəd tanımır, ana adlandırdığımız təbiətə də nankor davranan bir millət nəyə görə dünyanın təbiəti qorumağa çağırış etdiyi halda heç bir ölkənin, təbiətsevərlərin qəzəbinə tuş gəlmir? Ya da özünü qəzəblənmiş kimi göstərən qurumların nəyə görə Ermənistana gücü çatmır? 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökümətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etsə də qonşumuz heç bir şeyə məhəl qoymayaraq öz çirkin əməllərinə davam etmişdir. Şanlı qələbəmizdən sonra da “qozbeli qəbir düzəldər” ideologiyası ilə yaşayan ermənilər transsərhəd Oxçuçayın çirkləndirilməsi işini hələ də davam etdirir. Bəs düşmənimiz bu işdə təkdirmi? Əlbəttə ki, xeyr. Hər zamankı kimi o tək deyil, onu dəstəkləyənlər, ona yardım edənlər var. Dünyanın bütün məsuliyyətini öz çiyinlərinə almış kimi görünən ölkələrin şirkətləri Oxçuçayın çirklənməsinə nəinki göz yumur, birbaşa özləri çirkləndirir. Əminəm ki, onlar həmin çirklənmənin çayın Azərbaycan ərazisi boyu keçdiyi yerlərdə ekoloji sistemin bərpa olunmaz deqradasiyaya məruz qoyduğunu bilirlər.
Cənan Prezident BMT sessiyasındakı çıxışında bütün məqamlara toxunaraq əslində Ermənistanın yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün böyük bir təhdid olduğunu vurğuladı. Hazırda dünyanın aparıcı ölkələri və beynəlxalq qurumlarının mübarizə apardığı hər bir məqamdan bədxah qonşumuz 30 il boyunca bizə tuşlanmış silah olaraq istifadə etdi. Lakin dünya baş verənlərə məhəl qoymur. Elə bu məqamda Mirzə Ələkbər Sabirin sətirlərini xatırladım:
“Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karım,
Dünyavü-cahan ac olur olsun nə işim var?!” 30 il ərzində və elə müharibədən sonra da dünyanın Azərbaycana yanaşması bu sətirlərdə təsvir edildiyi kimidir. Amma ilahi ədalət gec-tez yerini tapacaq, necə ki, 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı. Ali Baş Komandanın dediyi kimi, bizim yolumuz haqq yoludur. Bəli, yolumuz uzundur, amma əsas odur ki, Haqqın nuru ilə irəlilədiyimiz yolda zəfərlər bizim olacaq!
Günəş Əliyeva