image-e0068f24-91fc-4d96-a5e7-ca519d7b2b08backend

“Dəmir yumuruq”la qazanılan Zəfər Qurultayı

image-reklam_sirab_01

 

 

 

Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci ildə Bakıda keçirilmişdir. Bu Qurultay ilə ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

     Dünya Azərbaycanlılarının I Qurultayı — Dünya azərbaycanlılarının ilk Qurultayıdır.

“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.

Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir.Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ,Türkiyə,Rusiya,Böyük Britaniya,Kanada,Almaniya Fransa,Gürcüstan,Avstriya,Rumıniya,İsveçrə,Avstraliya,Özbəkistan,Ukrayna,Estoniya,Latviya,Moldova,Qazaxıstan,Danimarka,Hollandiya,Finlandiya,Belarus,İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan,elm,təhsil,mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.

Dünya Azərbaycanlılarının I Qurultayında 5 sənəd qəbul olunmuşdur:

  • “Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi”
  • “Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti”
  • “Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti”
  • “Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti”
  • “Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti”

“Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Dünya azərbaycanlılarının II qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir.Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından,ictimai təşkilatlardan,elm,təhsil,mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan,siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur. II qurultay dünya azərbaycanlılarının Prezidenti İlham Əliyevin və onun timsalında müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut etmişdir. Qəbul olunmuş qərarların mahiyyəti ,müzakirələrin ümumi gedişi və əldə olunmuş nəticələr dünya azərbaycanlıları arasında davamlı siyasi həmrəyliyin və birliyin təməlinin kifayət qədər möhkəm olmasını,ictimai statusundan,siyasi baxışlarından,əqidə və dünyagörüşündən asılı olmayaraq azərbaycançılıq ideologiyasının bütün azərbaycanlıları öz ətrafında birləşdirə bilən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu təsdiqləmişdir. Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin geniş müzakirəyə çıxarılması və Qətnaməyə bununla əlaqədar xüsusi müddəanın daxil edilməsi böyük uğur kimi dəyərləndirilməlidir.Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqləndirilməsi və bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi yeni mərhələnin əsas vəzifələrindən biridir. Dünya azərbaycanlılarının II qurultayı Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərmişdir.Qəbul olunmuş qərarlarda və natiqlərin çıxışlarında dünya azərbaycanlılarının Prezident İlham Əliyevin münaqişənin həlli,işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində fəaliyyətini birmənalı şəkildə dəstəklədikləri bir daha vurğulanmışdır.

“Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir. Qurultayda 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.

Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçilib. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılıb.

  Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində keçirilmişdir. 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. DünyAzərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər.

Daha sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunmuşdur. Qurultay iştirakçıları növbəti dəfə prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçmişlər.

Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqlənmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icra katibi vəzifəsinə seçilmişdir.

Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin plaketləri təqdim olunmuşdur.

Dünya Azərbaycanlılarının V Qurultayı 2022-ci il 22 apreldə keçirilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunmuşdur ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunanacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxt Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir.

44 günlük Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Suşa şəhərini erməni işğalından azad edildi. Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Qısa müddət ərzində Şuşanın Baş planı hazırlanmış, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarıldıı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirildi. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, hazırda şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası üzrə başlanmış və sürətlə aparılan işlər göstərir ki, tezliklə Şuşanın əvvəlki dolğun mədəni həyatı bərpa ediləcəkdir.

“Şuşa İli” çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının işə başlamasıdır. Aprelin 23-dək davam edəcək Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir. Qurultayın azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu mənada, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək. Bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev V Qurultayın işində iştirak edib və çıxış edib. Cənab Prezident çıxışında qeyd edib ki, “ Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikirində deyildi”.

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi Şuşanın tarixi keçmişi, bu gününü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsil sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqdır.

Dünya Azərbaycanlılarının V Qurultayı-  Prezident İlham Əliyev çıxışında bildirmişdir:

“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”

İsmayılov Akif

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki