“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda iddia olunur ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.
Millət vəkili Aqil Abbas AZAL-ın fəaliyyəti ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.
O qeyd edib ki, AZAL-ı Cahangir Əsədovla bağlı xəbərlər yayılmamışdan öncə də həmişə tənqid edib: “AZAL monopoliyadır. Cahangir Əsgərov sanki özəl şirkət yaradıb. Dövlətdən dotasiya alıb istədiyini edir. Bunu tək mən yox, dövlət də görür. Buradan Tiflisə 1000 manata bilet olar? 600 km yoldur. Bu qiymətləri kim qoyur?!
AZAL-ın prezidenti Azərbaycan prezidentini qəbul etmir, özü özünün prezidentidir. Bir ölkədə neçə prezident olar? Ölkənin bir prezidenti var, o da Cənab Prezident İlham Əliyev. Qalanları sədr, şef və ya müdir olmalıdır.
Onu həmişə tənqid etmişəm. Amma gücümüz çatmır. AZAL-ın prezidentidir. Pulu, qüdrəti var, bizdən güclüdür”.