Dövlət Sosial Müdafiə Fondu (DSMF) bir gündə 3 tender keçirib.
Bu gün həmin tenderlərin nəticələrini açıqlayıb.
Məlum olub ki, qurum üç ofis icarəyə götürüb. Onlardan biri DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün nəzərdə tutulub. Qaze Həsən qızı Həsənovadan icarəyə götürülən ofis üçün illik 2 milyon 690 min 304 manat pul ödənilib.
İkinci tender də eyni adlı şəxslə anlaşma ilə başa çatıb. Belə ki, DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün Qaze Həsən qızı Həsənovadan ofis icarəyə götürüb. Bu dəfə isə 1 milyon 946 min 700 manat ödəniş edib.
Üçüncü tender də fiziki şəxslə anlaşma ilə müşahidə olunub. Məlum olub ki, layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, habelə SÖTMF üçün Ofis sahəsinin və binanın daxilində Arxiv sahəsinin icarəsi üzrə Alim Yusif oğlu Qiyasovla anlaşma əldə edilib. Bu dəfə qiymət isə 1 milyon 305 min 840 manat təşkil edib.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı qısa araşdırma zamanı məlum olub ki, Qaze Həsənova Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, hazırda Prezident Katibliyinin rəisi olan Bəylər Eyyubovun bacısıdır. Bu şəxs əvvəllər də DSMF-nin müxtəlif qurumlarına obyektlər icarəyə verib.
Digər tenderin qalibi Alim Yusif oğlu Qiyasov isə Azərbaycanda tanınmış iş adamlarından sayılır. O, “Grand Hotel”in sahibidir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (və onun qurumları) ilə bağladığı irihəcmli ofis icarəsi tenderləri ilə tanınır. Məsələn, Alim Yusifov bu yaxınlarda ƏƏSMN-in tabeliyində olan Milli Observatoriyaya inzibati bina sahəsini icarəyə verib. 2 691 kv.metr sahəni icarə haqqısı 1 milyon 168 min 968 manat təşkil edib.
Bundan başqa, ƏƏSMN-in tabeliyində olan Məşğulluq Agentliyinin də yerləşdiyi bina sözügedən şəxsə məxsusdur.
Yazıda adı keçən şəxslər və qurumların da mövqeyini dərc etməyə hazırıq.Tribuna.az


























