Sakit okeanda yerləşən ada dövləti Nauru rəsmi adını dəyişərək Naoero Respublikası adlandırıldığını elan edib. Vətəninfo.az xəbər verir ki, qərarın məqsədi ölkənin milli dilindəki yazılış və tələffüz formasını rəsmi şəkildə əks etdirməkdir.
Prezident Devid Adeanq bildirib ki, ölkənin beynəlxalq kodu NRU-dan NRO-ya dəyişdiriləcək. Bundan əlavə, ölkə vətəndaşları artıq “Nauruan” deyil, “dei-Naoero” kimi adlandırılacaqlar.
Hökumətin yaydığı açıqlamada qeyd olunub ki, ad dəyişikliyi ölkənin tarixi və ənənəvi adına qayıdışını simvolizə edir. Bildirilib ki, beynəlxalq aləmdə “Nauru” kimi tanınan ölkənin adı yerli dildə “Naoero” kimi yazılır və “Nao-ero” şəklində tələffüz olunur.
Rəsmi məlumata görə, “Nauru” adından istifadə xarici vətəndaşların yerli adı tələffüz etməkdə çətinlik çəkməsi səbəbindən geniş yayılmışdı və bu seçim xalqın iradəsindən çox praktik məqsədlərə xidmət edirdi.
Prezident Devid Adeanq yanvar ayında parlamentə təqdim etdiyi konstitusiya dəyişikliyi layihəsində bu addımın ölkənin dilini, mədəni irsini və milli kimliyini daha dəqiq qorumağa xidmət etdiyini vurğulamışdı.
Qanun layihəsi parlamentdə tələb olunan səs çoxluğu ilə qəbul edilsə də, konstitusiyaya edilən dəyişikliklərin hüquqi baxımdan tam qüvvəyə minib-minmədiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Hökumət əvvəlcə qərarın referendum vasitəsilə təsdiqlənəcəyini bəyan etsə də, sonradan aparılan geniş məsləhətləşmələrdən sonra ümumxalq səsverməsinin zəruri olmadığı qənaətinə gəlinib.
Rəsmi açıqlamada vurğulanıb ki, “Naoero” adı ölkənin tarixində heç vaxt unudulmayıb və xalqın milli kimliyinin ayrılmaz hissəsi olaraq gerbdə, gündəlik istifadədə və konstitusiyada öz əksini tapır.
Prezident Adeanq ad dəyişikliyinin ölkədə yeni milli qürur mərhələsinin başlanğıcı olacağını bildirib.
Təxminən 12 min nəfər əhalisi olan Naoero Vatikan və Tuvaludan sonra əhalisinin sayına görə dünyanın ən kiçik dövlətlərindən biridir. Mərcan mənşəli kiçik ada dövləti olan ölkə əvvəllər Almaniyanın müstəmləkəsi olub, daha sonra Avstraliyanın idarəçiliyinə keçib və 1968-ci ildə müstəqilliyini qazanıb.
1970-ci illərdə fosfat yataqlarından əldə olunan gəlirlər hesabına iqtisadi yüksəliş yaşayan ölkə, bu sahənin tənəzzülə uğramasından sonra ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Hazırda iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi Naoeronun qarşılaşdığı əsas problemlərdən biri hesab olunur. Hökumət sahilyanı ərazilərin su altında qalması riskini azaltmaq məqsədilə əhalinin və infrastrukturun daha yüksək ərazilərə köçürülməsini maliyyələşdirir. Bununla yanaşı, ölkə investisiya müqabilində vətəndaşlıq proqramını da həyata keçirir.


























