Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlı açıqlamalar adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin tərəfindən səsləndirilir. O, bu dəfə də Azərbaycan və Ermənistanla bağlı bir sıra məsələlərə toxunub.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Qaluzin Azərbaycanın da gündəmində olan AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı məsələyə münasibət bildirib.
“Qaluzin iddia edib ki, Moskva ilə Bakı 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı bütün məsələləri həll ediblər. Ancaq cinayətkarların cəzalandırılması mövzusuna toxunmadan, yalnız qəza zamanı həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənilməsi ilə bağlı xəbərlərin yayılması məsələnin tam həll olunduğu anlamına gəlmir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Politoloq qeyd edib ki, Mixail Qaluzin açıqlamasında Bakıda fəaliyyəti dayandırılmış “Rus evi”nin yenidən açılmasının vacibliyini də gündəmə gətirib.
“Qaluzin bildirib ki, ‘Azərbaycanda “Rus evi”nin fəaliyyətinin bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tam cavab verərdi’. Görünür, o, bu qurumun bağlanmasına səbəb olan halları unudub. Aydındır ki, rusiyalı diplomatlar azərbaycanlı həmkarları ilə keçirdikləri görüşlərdə bu məsələni mütəmadi şəkildə qaldırırlar. Qaluzin yaxın günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfər edəcəyini də açıqlayıb. Ehtimal etmək olar ki, həmin görüşdə də ‘Rus evi’ məsələsi müzakirə olunacaq”, – deyə politoloq bildirib.
Elxan Şahinoğlu vurğulayıb ki, “Rus evi” təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müxtəlif təxribat xarakterli fəaliyyətlərlə əlaqələndirildiyi üçün bağlanıb.
“Əgər əvvəlki fəaliyyət prinsipləri dəyişməyəcəksə, bu qurumun Azərbaycanda yenidən açılması üçün heç bir əsas yoxdur”, – deyə o qeyd edib.
Politoloq Qaluzinin açıqlamalarında ABŞ Prezidenti Donald Trampın adı ilə hallandırılan nəqliyyat marşrutu (TRIPP) ilə bağlı Kremlin narahatlığının da açıq hiss olunduğunu bildirib.
“Qaluzinin ‘TRIPP-in perspektivləri birmənalı deyil’, ‘Bu layihə Rusiyanın iştirakı ilə daha səmərəli olardı’, ‘İran bu marşrutdan məmnun qalmaya bilər’, ‘Çinin də layihəyə münasibəti sual doğurur’ və ‘Marşrutun Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazidən keçməsi planlaşdırılır, buna görə Moskvanın və Avrasiya İqtisadi İttifaqının mövqeyi nəzərə alınmalıdır’ kimi fikirləri Kremlin bu layihəyə münasibətini açıq şəkildə ortaya qoyur”, – deyə Şahinoğlu bildirib.
Politoloqun fikrincə, Ukraynaya qarşı müharibə aparan Rusiya Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirəcək yeni nəqliyyat marşrutlarının reallaşmasına mane olmağa çalışır və bunun üçün regional təsir imkanlarını səfərbər edir.
“Elə buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan ‘Tramp yolu’ adlandırılan layihənin icrasını ləngitməməlidir. Əks halda Kreml Qaluzinin dili ilə səsləndirdiyi xəbərdarlıqları praktik addımlarla müşayiət etməyə çalışacaq”, – deyə Elxan Şahinoğlu fikrini yekunlaşdırıb.


























