image-fb_img_1677190004793backend

“Ənfal” əməliyyatı: Kürdlər niyə məhv edilirdi?

image-reklam_sirab_01

23 fevral 1988-ci il, Səddam Hüseyn ölkənin şimalında yaşayan kürdlərə qarşı “Ənfal” əməliyyatına başlayır. Əməliyyata Səddamın əmioğlusu Əli Həsən əl-Məcidi rəhbərlik edirdi.

İran-İraq müharibəsinin başlanmasından sonra İraqda yaşayan kürd peşmərgələr İranla birlikdə hərəkət edərək üsyan qaldırdılar və bəzi əraziləri öz nəzarəti altına aldılar. Bağdad əsas diqqəti İranla müharibəyə versə də, hərdən kürdlərə qarşı repressiyalara da macal tapırdı. 1983-cü ildə kürdlərin Barzani tayfasının 16 yaşdan yuxarı bütün kişilərini (8 min) öldürüldü.

1988-ci ilin qışında isə Quranın səkkizinci surəsinin adı verilən “Ənfal” əməliyyatı başladı. Sentyabra qədər davam edən əməliyyat səkkiz mərhələdən ibarət idi və hər birinə ardıcıl nömrə verildi – Ənfal-1, Ənfal-2 və s.

Bu əməliyyatlar zamanı artilleriya da daxil olmaqla quru qoşunlarından, aviasiyadan, kimyəvi qazlardan istifadə edərək kürdlərə qarşı ucdantutma qətliam törədildi. Məhz həmin hadisələrə görə Əli Həsən əl-Məcidiyə “kimyəvi Əli” adı verildi.

Ənfal əməliyyatı zamanı öldürülənlərin sayı bilinmir. 50 mindən 182 minə qədər diapozonda rəqəmlər səsləndirilir. Kürdlərin yaşadığı 4 mindən çox kənd dağıdıldı. Bir milyona qədər kürd İrana, 400 mindən çox Türkiyəyə qaçdı. Yüzminlərlə qadın və uşaq ölkənin içərilərində yerləşən xüsusi düşərgələrə göndərildilər.

Yalnız 1991-cü ildə, İraqa qarşı “Səhrada fırtına” əməliyyatından və BMT TŞ-nın 36-cı paraleldən şimaldakı ərazini uçuşlara qapalı elan edən qətnaməsindən sonra kürdlər tədricən öz yurdlarına döndülər.

Onu da deyim ki, dünya Səddam Hüseyn rejiminin istər İranla müharibədə, istərsə də kürdlərə qarşı kimyəvi silahdan istifadə etməsinə susqunluqla yanaşırdı. Yalnız 1990-cı ildə Küveyti işğal etdikdən sonra bu cinayətlər yada düşdü.

Sonralar Ənfal əməliyyatı Səddam Hüseynə və Əli Həsən əl-Məcidiyə qarşı əsas ittihamlardan və edam cəzasının səbəblərindən biri oldu.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki