İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İslamabad Anlaşma Memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qayıtmasının Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə şərait yarada biləcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Əraqçi bu barədə yaponiyalı həmkarı Toşimitsu Motegi ilə telefon danışığı zamanı danışıb.
İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Əraqçi problemin həllinin mümkün olduğunu vurğulayıb:
“Çıxış yolu sadədir. ABŞ tərəfinin İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməyə və imzasının arxasında durmağa qayıtması normal həyata dönüş üçün şərait yaradacaq”.
İranlı nazir, həmçinin Motegiyə İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqların son mərhələsi barədə məlumat verib.
Əraqçinin sözlərinə görə, gəmilərin Hörmüz boğazından keçidi üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələrdə əhəmiyyətli irəliləyiş əldə olunub.


























