1990-cı illərdə Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışmış, Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında iştirak edən general-leytenant Norat Ter-Qriqoryants Ermənistan Respublikasının pasportundan imtina edib.
Vətəninfo.az xəbər verir ki, hazırda Rusiyada yaşayan Ter-Qriqoryants bu barədə “İravunk” qəzetinə müsahibəsində danışıb və qərarının səbəblərini açıqlayıb.
General bildirib ki, Ermənistan pasportunu konsulluğa gedərək könüllü şəkildə təhvil verib:
“Konsulluğa gedib Ermənistan pasportumu qaytardım. Onlar təəccüblə məndən soruşdular: “Cənab Ter-Qriqoryants, nə edirsiniz?” Mən də dedim: “Ermənistanda hakimiyyətə qalan bir ovuc ermənini satan və onları türklər vasitəsilə məhv etmək istəyən insanlar gəlibsə, mən nə etməliyəm?”
Ter-Qriqoryantsın sözlərinə görə, pasportunu təhvil verdikdən sonra ona vətəndaşlıq məsələsi ilə bağlı müvafiq məlumat verilib.
“Pasportumu verdim və hazırkı prezidentlikdən mesaj aldım: “Siz vətəndaşlıqdan məhrum edilmisiniz”. Yaxşı, əlvida, qohumlarım. Bir daha Ermənistana gəlməyəcəyəm. Bu qədər”, – deyə general bildirib.
Qeyd edək ki, Norat Ter-Qriqoryants 1990-cı illərdə Ermənistanın müdafiə sistemində yüksək vəzifələr tutub və Ermənistan Silahlı Qüvvələrinin formalaşdırılması prosesində iştirak edib.


























