image-f97faab5-c23b-4829-aaf6-ba7a618177a7backend

Erməni vandalizminin təzahürləri

image-reklam_sirab_01

 

 

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Elə bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisəsi aşkar olunub. Belə ki, ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.

Qədim hərflər və şəkillər, xaçlar daşlara çəkilir, döyülür və bir müddət sirkə həllində saxlanılır, sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim və köhnə görünüş qazanır. Sonra bu daşları Qarabağ ərazisində basdıraraq özlərinin buradakı tarixi və mədəniyyəti kimi qələmə verirlər. Məlumatlara görə, Ermənistanda da belə müəssisələr çoxdur və onlar son onilliklərdə müasir elmin də nailiyyətlərindən istifadə etməklə, xeyli “qədim erməni abidəsi” düzəldiblər.

Göründüyü kimi erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib.

Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktı aşkarlanıb. İşğalçının digər yaşayış məntəqələrimizdə də vandal hərəkətləri müəyyənləşdirilib. Arxeoloji eksponatların oğurlanması, İrəvana aparılması təsdiqlənib. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayır, işğalçı ordu hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırır, hətta məktəblərə belə od vurmaqdan çəkinmir.

Rusiya sülhməramlıları da Azərbaycanın Kəlbəcər bölgəsindən çıxmazdan əvvəl ağacları kəsən ermənilərin davranışlarından və vandalizmindən təəccübləniblər. Onlar ermənilərdən niyə burada təbiəti məhv etdiklərini soruşsalar da, dəqiq cavab ala bilməyiblər.

Yeri gəlmişkən, Fransanın “Le Monde” nəşrində dərc edilən “Ruhlar şəhəri” məqaləsində də erməni vandalizmindən bəhs edilir. Məqalədə deyilir: “Torpaqlarını geri qaytaran Azərbaycan Ordusunun qarşısına yalnız “ruhlar şəhəri” çıxır: mərmilərlə “şumlanmış” səngərlər, dağıdılmış qəbiristanlıqlar, minalanmış ərazilər…”

Müəllif Tavinyo qeyd edib ki, dağıntıların aşağı hissəsindəki bitkilərin içərisindən parçalanmış cəsədlərin dəhşətli qoxusu gəlir. Bir kilsənin qərb fasadı hələ də ucalmaqdadır. Bu, məhəllədə ən hündür divardır. Divarın yuxarı hissəsində dairəvi kilsə pəncərəsi olmalıdır. Amma heç kim bu məbədin hansı dini konfessiyaya aid olduğunu, hətta adını belə, dəqiq bilmir. Çünki 1993-cü il avqustun 23-dən Füzulidə heç kim yaşamır.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri tərəfindən viran və talan edilən Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bugünkü görünüşləri bütün deyilənlərin sübutudur. Bugünlərdə beynəlxalq jurnalistlərin Füzuliyə səfərində dünyanın aparıcı media orqanlarının nümayəndələri iştirak edirdilər. Onlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər, sənədləşdirdilər.

Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur, Ermənistanın əsl mahiyyəti.

 

Telmanlı Telman

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki