image-1680698730_70backend

Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı, vəsiyyətinə əməl olunmadı…

image-reklam_sirab_01

Bu gün Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günüdür.Vətəninfo.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Asəf Zeynalabdin Zeynallı 1909-cu il 5 apreldə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda təhsil alıb. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib.

***
1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Asəf Zeynallı milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.

***

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmiş, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

***

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunur. O, getmək istəmir, qalıb başladığı əsəri bitirmək istəyir, lakin sözünü dinləyən olmur. Səfər zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Deyilənə görə onun ölümündə erməni əli də olub. Bu barədə Asəf Zeynallının yazdığı məktub da var. Həmin məktubda o, ermənilərdən şikayətlənir. Ermənilər onu “şovinist” adlandıraraq, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə – onların arasında Tofiq Quliyev, Qara Qarayev də olub – daha çox diqqət ayırır, ermənilərə yox.”

***

Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yanından kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndən sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb.

***

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən dünyasını dəyişir və Çəmbərəkənd qəbiristanlığında basdırılıb, sonralar “Qurd qapısı” qəbiristanlığına köçürülüb.

***
Bəstəkarın qardaşı oğlu müsahibələrinin birində deyir: “Düzü qəbrin köçürülməsi mənim yadıma gəlmir, onda uşaq idim. Asəf Zeynallı vəfat edəndə əvvəlcə Çəmbərəkənddə, indiki Dağüstü Parkda basdırılmışdı. O vaxt orda park salınanda bütün qəbirlər köçürüldü, o cümlədən də Asəf Zeynallının qəbri. Atamgil onun qəbrini gətirib indiki yerdə basdırdılar. O vaxt ora internasional məzarlıq sayılırdı. Müsəlman, xristian, yəhudi olsun, fikir verən yox idi. Həm də əmim basdırılanda o ərazilər bomboş idi. Atamgilin şəkli də var, qəbrin ətrafında dayanıblar, ətraf isə bomboşdur. Sonralar Böyük Vətən müharibəsi oldu, həmin yerlər müxtəlif millətlərin, əsirlərin qəbirləri ilə doldu.”

Asəf Zeynallının adı ilə bağlı qalmaqallı hadisə ötən ilin yayında baş vermişdi. Belə ki, Dirijor Mustafa Mehmandarov “Facebook”da dahi bəstəkar Asəf Zeynallının “Qurd qapısı” qəbiristanlığındakı məzarının baxımsız vəziyyətdə olmasını göstərən foto yayaraq bu sözləri yazmışdı:
“Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilklərə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda olsun. Biz dəfələrlə yuxarı dairələrə müraciət eləmişik. “Baksovet” də bizə yazıb ki, indi yazıçı, bəstəkar çoxdur, hamısını Fəxri Xiyabanda basdırmağa imkan yoxdur. Hardasa on il əvvəl belə deyiblər”.

***

Lakin, bəstəkarın ailəsi bildirir ki, pandemiya ilə əlaqədar olaraq onlar bir müddət məzarlığı ziyarət edə bilməyib. Qəbiristanda qəbirlərə qulluq edən bir kişi pulla bəstəkarın qəbrinə baxsa da, son dövrlər o da xəstələnib yatağa düşdüyü üçün qəbir baxımsız qalıb.

Bir dəfə isə Asəf Zeynallının qəbir daşının üstündə bürüncdən barelyefi də oğurlanır. Bəstəkarın qardaşı oğlanları sonradan onun mərmərdən qəbirüstü abidəsini düzəltdirirlər.

***

Asəf Zeynallının adı birinci dəfə Üzeyir Hacıbəylinin təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına verilib, lakin Üzeyir bəyin vəfatından sonra bəstəkarın ailəsinə təklif edilib ki, konservatoriyadan Asəfin adı götürülüb Musiqi texnikumuna verilsin.

Cəfər Cabbarlı ilə möhkəm dost olub, hətta tamaşalarının musiqi tərtibatını o verib. Cəfər Cabbarlı Asəfin ölümündən o qədər pis olub ki, üç gün dilinə çay-çörək dəyməyib. Asəfin cənazəsini aparanda adamlar Opera və Balet Teatrının qabağından keçirmiş. Teatrın orkestri balkona çıxıb musiqi ifa edib, yəni o cür ehtiramla yola salıblar.

***

Asəf Zeynallı ilə pianoçu Kövkəb xanım Səfərəliyeva bir-birlərini seviblər. Onlar bir sinifdə təhsil alıblar. Hətta Asəf hər dəfə Kövkəb xanım olan sinfə girəndə xanım ağlayırmış. Buna görə də Asəfin atası onu Kövkəb olan sinifdən çıxardır. Kövkəb xanımın da heç vaxt ərə getməməsi onların bir-birini sevməsini düşünməyə müəyyən əsaslar verir. Lakin, ailə üzvlərinin sözlərinə görə o, Leninqradda yarı alman, yarı rus olan bir qız sevirmiş. Onlar tez-tez məktublaşırmışlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki