image-4a6f6d69-d62a-4567-9b8d-7ab7014891fcbackend

ERMƏNİSTAN AZƏRBAYCANA QARŞI SİLAHLANDIRILIR – Rusiya, İran, Fransa sırada dayanıb

image-reklam_sirab_01

“Ermənistan bizim KTMT üzrə müttəfiqimiz və Transqafqazda əsas strateji tərəfdaşımızdır. Biz regionda sabitliyin qorunub saxlanmasında son dərəcə maraqlıyıq və bunun üçün əlimizdən gələni edirik. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına yardıma xüsusi əhəmiyyət veririk”.

Bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə deyib.

Bəyanatda yeni bir məsələ yoxdur, Rusiya və Ermənistan hərbi-siyasi müttəfiq olaraq qalmaqda davam edirlər. Rusiya 44 günlük müharibədə hərbi potensialının üçdə ikisini itirmiş Ermənistan ordusuna nə qədər dəstək olmaq iqtidarındadır, bu, başqa müzakirənin mövzusudur. Çünki Ukraynaya qarşı işğalçı müharibədə böyük itkilər vermis rus ordusunun özü ciddi şəkildə silah-sursat çatışmazlığından əziyyət çəkir. Media dəfələrlə yazıb ki, Ukraynada məhv edilən arsenalın yerini doldurmaq üçün postsovet ölkələrindəki hərbi bazalardan texnika, raketlər və hərbçilər daşınır. Məsələn, Tacikistandakı hərbi bazanın böyük bir hissəsi Ukraynaya göndərilib.

Amma Ermənistana Şoyqunun ifadə etdiyi dəstək Moskvanın regiondakı 44 günlük müharibədən əvvəlki hərbi-siyasi balansı qoruyub saxlamaq niyyətində olduğunu göstərir. Ermənistan ordusunun modernizasiyası üçün Gümrüdəki hərbi bazanın imkanlarından istifadə edilə bilər. Habelə Rusiyadan cəlb olunmuş ucuz kreditlər hesabına digər “müttəfiq ölkələrin” hərbi sənaye kompleksinin müştəriləri sırasında durması da gözləniləndir. Bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan bəyan etmişdi ki, ordunun hərbi gücünü bərpa etmək üçün silah bazarları axtarılır.

 

Bu kontekstdə İran Ermənistanı dirçəldib Azərbaycanla güc balansını bərpa etməsində ən maraqlı ölkədir. Artıq media da bu barədə yazıb: İran artilleriya, pilotsuz uçuş aparatları, habelə orta mənzilli raketləri Ermənistana ötürə bilər. Bu barədə iki ölkə arasında məxfi danışıqların aparılması da məlumdur.

İran habelə Ermənistana silah tranzitində də mühüm rol oynaya bilər. Məsələn, Hindistandan alınmış haubitsaların, 120 millimetrlik topların və başqa avadanlıqların Ermənistana məhz İran vasitəsi ilə çatdırılması barədə xəbərlər var.

Ermənistanın hərbi imkanlarını gücləndirmək iqtidarında olan və buna çalışan daha bir ölkə Fransadır. Bu sahədə Makron hakimiyyətini ancaq İran rəhbərliyi ilə müqayisə etmək olar. Rəsmi Paris açıq şəkildə Ermənistana siyasi dəstək verir və fransız siyasətçilər İrəvanın 44 günlük müharibədə dağılmış hərbi potensialının bərpasına çalışdıqlarını gizlətmirlər. Ötən ay xarici media Fransa silah sənayesi məhsullarının Şərqi Avropa ölkələri limanları vasitəsi ilə Ermənistana daşınmaq planları barədə yazmışdı. Belə ki, müasir silah sistemləri, artilleriya vasitələri, gecə döyüşləri üçün xüsusi cihazların Rumıniya limanından Gürcüstanın Batum limanına, oradan Ermənistana çatdırılması planları qeyd olunmuşdu. Azərbaycan rəhbərliyinin bu tədarükün əngəllənməsi üçün əlindəki təzyiq mexanizmlərini işə salması da yazılan informasiyalar sırasında yer almışdı.

Fransa təkcə öz hərbi təyinatlı məhsullarını deyil, həmçinin böyük maliyyə vəsaitləri ayırmaqla üçüncü ölkələrdə istehsal olunmuş döyüş vasitələrinın alınmasını da təşkil edə bilər.

Bundan başqa Ermənistan ordusunun yenidən komplektləşdirilməsi işində də fransız hərbi təlimatçılarının xüsusi rol oynadığı haqda məlumatlar var. Ola bilsin, rusiyalı nazir S.Şoyqunu narahat edən məqamlardan biri də bununla bağlıdır. Hər halda Rusiya Ermənistan hərbiyyəsinin fransızların nəzarətinə keçməsində maraqlı deyil.

44 günlük müharibədən sonra uzun müddət davam etmiş daxili siyasi böhranı sabitləşdirməyə nail olan Paşinyan hökumətinin əsas qayğısı hərbi itkilərin yerini doldurmaqdır. Hökumət bəyan edib ki, peşəkar ordu sisteminə keçməyə hazırlaşır.

Qeyd olunduğu kimi, bu işdə azı Ermənistan hökuməti qədər maraqlı ölkələr var. Ona görə də Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, Türkiyə ordu modelinə keçid sürətləndirilməlidir. Ermənistan nə qədər zəif olsa da, onun Azərbaycana qarşı düşmən mövqedə dayanan tərəfdaşları var və bu amil güc faktorunu daim hazır vəziyyətdə saxlamağı diqtə edir.“AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki