Vətəninfo.az Ermənistanın “Massis Post” qəzetinə istinadən xəbər verir ki, Ermənistan hökuməti İran sərhədinə doğru yeni avtomobil yolunun 24 kilometrlik hissəsinin tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 254 milyon dollar borc almağı planlaşdırdığını bildirib.
Məlumata görə, 60 kilometrlik yol cənubda, İranla həmsərhəd olan Sünik əyalətində tikiləcək. Bu magistral yol Sisian və Qacaran şəhərlərini çox daha qısa marşrutla birləşdirərək, iki ölkə arasında gediş-gəliş müddətini də qısaldacaq.
Bildirilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşəcək bu yolun cənub hissəsində işlər 2032-ci ildə yekunlaşacaq. Ermənistan hökuməti 9 kilometrlik tunelin də daxil olduğu bu yolun digər iki hissəsinin tikintisinin başlanma tarixini açıqlamayıb.
Xatırladaq ki, ötən ilin oktyabrında iki ölkə arasında Qacaran dağ keçidinə qədər uzanan yolun bərpası üçün 215 milyonluq müqavilə imzalanıb.