Sabiq vergilər naziri Fazil Məmmədov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib.
Bu barədə Modern.az-a ailə üzvləri məlumat verib.
Bildirilib ki, mərhum ötən gün dünyasını dəyişib. Onun nəşi dəfn edilmək üçün Azərbaycana gətiriləcək.
Qeyd edək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxıda anadan olub. 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. Ailəlidir, üç övladı var.
F.Məmmədov uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.