Fransanın cənub-qərbində, Tuluza şəhəri yaxınlığında yerləşən və Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən zavoda hücum cəhdi edildiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 1-də baş verib. Naməlum şəxslər ölkənin aparıcı dron istehsalçılarından biri hesab olunan Delair şirkətinin müəssisəsinə bir neçə yandırıcı maddə ilə doldurulmuş şüşə (Molotov kokteyli) atıblar.
Nəşrin yazdığına görə, hadisə müəssisənin müşahidə kameraları tərəfindən qeydə alınıb. Yandırıcı qarışığın alışmaması səbəbindən zavoda ciddi ziyan dəyməyib.
Hadisə ilə bağlı Tuluza Prokurorluğu ictimai təhlükə yaratmaqla əmlaka ziyan vurulması maddəsi üzrə araşdırmaya başlayıb.
Bundan bir neçə gün sonra zavodun yaxınlığında Belarus vətəndaşı saxlanılıb. İstintaqın məlumatına görə, həmin şəxs müəssisədə hazırlanan dron prototiplərinin görüntülərini çəkərək Rusiyada olan bir nəfərə göndərib.
Prokurorluq bildirib ki, saxlanılan şəxsin üzərində xüsusi texniki avadanlıqlar da aşkar edilib. Ona qarşı casusluq ittihamı irəli sürülüb və araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Delair şirkəti Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Kiyevə pilotsuz uçuş aparatları tədarük edən əsas Avropa istehsalçılarından biri kimi tanınır.
Bu arada, Avropada müdafiə sənayesinə yatırımların həcmi artmaqda davam edir. Məlumata görə, Türkiyənin müdafiə sənayesi şirkəti ARCA Baltics Operations Estoniyanın Pühtitsa-Kivili sənaye parkında yeni sursat istehsalı zavodu inşa edəcək.
300 milyon avro dəyərində qiymətləndirilən layihə çərçivəsində 155 millimetrlik artilleriya mərmiləri, müxtəlif çaplı minaatan sursatları və 122 millimetrlik raket sistemləri üçün döyüş sursatlarının istehsalı nəzərdə tutulur.
Estoniya Müdafiə Nazirliyinin Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin məlumatına əsasən, zavodun 2028-ci ildə istismara verilməsi planlaşdırılır.


























