image-61c5a684e9bc4backend

Gürcüstan Türkiyəyə daha 40 nəfərdən ibarət xilasedici heyət göndərib

image-reklam_sirab_01

Gürcüstan Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Türkiyəyə daha 40 nəfərdən ibarət xilasedici heyət göndərib.

Vətəninfo.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi yanında Fövqəladə Halların İdarəsindən verilən açıqlamada daha bir axtarış-xilasetmə dəstəsinin Türkiyəyə göndərildiyi bildirilib.

Açıqlamada xilasedici dəstənin Adıyamanda çalışan 60 nəfərdən ibarət ilk heyətlə birlikdə axtarış-xilasetmə əməliyyatlarına davam edəcəyi bildirilib.

Gürcüstan prezidenti Salome Zurabişvili Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərlə əlaqədar başsağlığı vermək üçün Türkiyənin Gürcüstandakı səfirliyini ziyarət edib və buradakı başsağlığı kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Gürcüstan parlamentində keçirilən sessiyada Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sessiyanın açılışında çıxış edən parlamentin sədri Şalva Papuaşvili Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə parlamentdə yardım kampaniyasının başladıldığını açıqlayıb.
“Biz bütün deputatları bu xeyriyyə tədbirində iştirak etməyə dəvət edirik”, – deyə Şalva Papuaşvili bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki