Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğunun xüsusi nəzarətindədir.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda Gürcüstanın prokurorluq orqanları tərəfindən aparılan ibtidai istintaq prosesi diqqətlə izlənilir. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumu E. Əliyevin saxlanılması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq prosessual tədbirlər həyata keçirilir. Baş Prokurorluq qeyd edib ki, hadisənin ictimai rezonansı və qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb.
Müraciətdə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunması, hadisənin bütün hallarının qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilməsi xahiş olunub. Bununla yanaşı, zərurət yaranacağı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfinin istintaqa hüquqi yardım göstərməyə və digər zəruri dəstəyi verməyə hazır olduğu vurğulanıb.
Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi Baş Prokurorluq bəyan edib ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, eləcə də qanunla qorunan digər hüquq və mənafelərinə qarşı törədilən cinayətlərə münasibətdə prinsipial mövqe nümayiş etdirilir.
Qurumun açıqlamasında vurğulanıb ki, belə cinayətlərin ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda bildirilib ki, xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi və cinayətlərin tam, obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Hadisə ilə bağlı araşdırmalar davam edərkən Gürcüstanın daxili işlər orqanları E. Əliyev barəsində beynəlxalq axtarış elan edib. Daha sonra o, Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Hazırda onun Gürcüstana ekstradisiyası istiqamətində müvafiq hüquqi prosedurlar həyata keçirilir.
İlkin məlumatlara görə, Ağcabədi rayon sakini Fatimə Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. İddialara əsasən, Kənan Əliyev qadının pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Sonradan özü Azərbaycana qayıtsa da, Fatimə Kərimova Gürcüstanda çıxılmaz vəziyyətdə qalıb. Bildirilir ki, o, Azərbaycanda yaşayan əmisi oğlu E. Əliyevdən kömək istəyib. İstintaq materiallarına əsasən, E. Əliyev Gürcüstana gedərək qadını boğaraq qətlə yetirib, daha sonra isə Türkiyəyə qaçıb.
Hazırda cinayət işi üzrə istintaq Gürcüstanın səlahiyyətli orqanları tərəfindən davam etdirilir. Azərbaycan Baş Prokurorluğu isə prosesi diqqətdə saxladığını və zərurət yaranacağı halda bütün beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməyə hazır olduğunu bəyan edib.Musavat.com


























