image-aqsinyeniseybackend

“Hələlik dövlət içində Kərimə dövləti yaratmaq mümkün olmasa da, cəmiyyət içində Kərimə cəmiyyəti çoxdan yaradılıb”

image-reklam_sirab_01

Həmidə xanım xatirələrində yazır ki, “Molla Nəsrəddin” jurnaılı çap olunandan sonra bizimkilər pul yığıb Bakıdan muzdlu qatil göndərirlər ki, Tiflisdə Cəlil Məmmədquluzadəni öldürsün. Gürcü polisinin ayıqlığı nəticəsində qətl baş tutmur. O vaxt bu sui-qəsd baş versəydi indi mənəviyyatımızda Cəlil Məmmədquluzadənin işıq saçdığı bütün ərazilər zülmət qaranlıq içində olacaqdı.

Yəhudilərə aid edilən bir anlayış var: dövlət içində dövlət. Şərhi budur ki, yəhudilər hansı dövlətin ərazisində yaşamalarından asılı olmayaraq, o dövlətin içində mütləq özlərinin gizli dövlətlərini yaradırlar.

Bu gün Azərbaycanda da dövlət içində dövlət yaratmağa cəhd edən qüvvələr var, məsələn, tez-tez adı çəkilən “Kərimə dövləti” belələrindəndir.

Hələlik dövlət içində Kərimə dövləti yaratmaq mümkün olmasa da, cəmiyyət içində Kərimə cəmiyyəti çoxdan yaradılıb.

On illərdir ki, bu kərimə cəmiyyətinin yaradılması üçün Azərbaycanda zəmin hazırlanır. Xarici kəşfiyyat orqanlarının pulu və sifarişi ilə şəriətin, meyxananın populyar mənəviyyata çevrilməsi, digər mənəvi elementlərə hücumların təşkili artıq “gülləmeyvə” şəklində öz “bəhrəsini” də verməyə başlayıb.

Və təəssüf ki, bu gün Azərbaycanın elmi, ədəbi, fəlsəfi mühitləri də bu sifarişlərin ucuz şöhrət sülənən dəllalları ilə doludur.

Məlum hadisə Türkiyədə baş versəydi, türk aydınları gecə-səhərəcən yatmayıb cəmiyyətin də yuxusuna haram qatacaqdılar. Bizdə susmaq hələ də qızılla olmasa da, “qızıl suyuna çəkilmiş qələm” kimi mükafatlarla ölçüldüyündən taleyüklü məsələlərdə həmişə ən birinci mədəniyyətimizin dili tutulur.

Rafiq Tağı öldürüləndə də belə olmuşdu. Heç danışmayanlar mədəniyyət təmsilçiləri idi: yazıçılar, şairlər, alimlər, rejissorlar, bəstəkarlar, aktyorlar və s. bir sözlə, mədəniyyətimizin kərimələri…

Aqşin Yenisey


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image