image-reklam-veteninfo
image-1backend

Hindistan Birləşmiş Ərəb Əmirliklərini silahlandırır: Bu raketləri sata bilər

image-reklam-veteninfo

Hindistan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Rusiya ilə birgə hazırladığı “BrahMos” səsdən sürətli qanadlı raketlərin ixracı ilə bağlı danışıqlar aparır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.

Məlumata görə, mümkün razılaşma baş tutacağı təqdirdə, BƏƏ-nin uzaqmənzilli dəqiq zərbə imkanları əhəmiyyətli dərəcədə genişlənəcək.

Reuters agentliyinin məlumatına əsasən, Yeni Dehli Əbu-Dabi ilə yerli istehsal olan “Akashteer” hava hücumundan müdafiə sisteminin ixracını da müzakirə edir.

Nəşr qeyd edir ki, BƏƏ Yaxın Şərqdə ən müasir hərbi hava qüvvələrindən birinə malikdir. Ölkənin arsenalına xüsusi olaraq BƏƏ üçün hazırlanmış F-16E/F Block 60 Desert Falcon qırıcıları, 40-dan çox Dassault Mirage 2000-9 çoxməqsədli döyüş təyyarəsi, həmçinin sifariş verilmiş 80 ədəd Rafale F4 qırıcısı daxildir.

Hazırda BƏƏ Hərbi Hava Qüvvələrinin silahlanmasında JDAM, Paveway, GBU-39 idarəolunan bombaları, Black Shaheen qanadlı raketləri, həmçinin ölkədə istehsal olunan Al Tariq yüksək dəqiqlikli zərbə sistemi yer alır.

Analitiklərin fikrincə, “BrahMos” raketlərinin mövcud qırıcılara inteqrasiyası ciddi texniki modernləşdirmə tələb edə bilər. Bu səbəbdən BƏƏ-nin daha çox raketin quru bazalı versiyasına maraq göstərməsi ehtimal olunur. “BrahMos” raketləri quru, dəniz, sualtı platformalar və aviasiya vasitələrindən buraxılan müxtəlif modifikasiyalarda istehsal edilir.

Məlumata görə, BƏƏ-nin arsenalında artıq ABŞ istehsalı olan ATACMS əməliyyat-taktiki raketləri, HIMARS yaylım atəşli raket sistemləri və GMLRS idarəolunan raketləri də mövcuddur.

Ekspertlər hesab edirlər ki, İranla son qarşıdurmadan əldə olunan təcrübə Əbu-Dabinin gələcək silah alışlarına təsir göstərəcək. Bununla belə, BƏƏ-nin əsas hərbi strategiyası müxtəlif ölkələrdən müasir silah sistemləri əldə etməklə təchizat mənbələrini maksimum dərəcədə şaxələndirmək olaraq qalacaq.

Qeyd edək ki, “BrahMos” Hindistan və Rusiya tərəfindən birgə hazırlanmış səsdən sürətli qanadlı raket sistemidir və dünyanın ən sürətli operativ-taktiki qanadlı raketlərindən biri hesab olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki