image-reklam-veteninfo
image-1backend

İcra hakimiyyətləri ləğv olunur? – 14 iqtisadi rayon modeli gündəmdə

image-reklam-veteninfo

“TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi çox düzgün addım oldu. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. Bunu iki yerə bölmək, hətta icbari tibbi sığortanı ayırmaq problemdir. İcbari tibbi sığortada da, səhiyyənin özündə də problemlər yarandı. Nəhayət, cənab Prezident düzgün qərar verərək məsələni həll etdi. Eləcə də icra hakimiyyəti orqanlarının strukturu da dəyişdirilməlidir”.

Bu barədə Modern.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. Onun fikrincə, ölkədəki 14 iqtisadi rayon üzrə idarəetmə modelinin tətbiqi və hər rayon üzrə Prezidentin nümayəndəsinin fəaliyyət göstərməsi alternativ yanaşma ola bilər: “Azərbaycanda 14 iqtisadi rayon var. Hər iqtisadi rayon üzrə bir nəfər Prezident nümayəndəsi olmalı və operativ idarəetməni həyata keçirməlidir. Hər rayonda icra başçısına ehtiyac yoxdur”.

Bəs icra hakimiyyətləri ləğv oluna bilərmi? Azərbaycanda 14 iqtisadi rayon üzrə yeni idarəetmə modelinə keçid nə dərəcədə realdır?

Mövzu ilə bağlı REAL Partiya sədri Natiq Cəfərli  danışıb.

O, Azərbaycanda mövcud icra hakimiyyəti sisteminin dəyişdirilməsinin vacib olduğunu bildirib:

“Əslində, 2013-cü ildən bu yana illərdir ki, bu haqda danışırıq. Doğrudan da, məntiqlə yanaşsaq, Azərbaycanda icra hakimiyyəti institutları sovetdən qalma birinci katib institutunun transformasiya olunmuş versiyasıdır və bu, artıq müasir Azərbaycana, indiki hədəflərimizə uyğun deyil. Yəni, biz bu sistemdən qurtulmalıyıq, 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Prezidentin xüsusi nümayəndəliyi institutu Qarabağda özünü çox yaxşı doğruldub. Fikrimcə, özünü doğrultmuş bu institutun bütün ölkə ərazisinə yayılması daha məntiqlidir. Bu məsələdə Vahid müəllimlə razıyam.

Bu, niyə vacibdir? Çünki həmin islahatlar yerli özünüidarəetmə institutlarının gücləndirilməsi ilə paralel aparılmalıdır. Bu da çox vacib məsələdir. Bələdiyyə institutunun, yerli özünüidarəetmənin gücləndirilməsi, xalqla birbaşa təmasda olan bələdiyyələrin insanlara daha çox xidmət göstərməsi, onların səlahiyyət və məsuliyyətlərinin artırılması yeni idarəetmə modelinə və müasir Azərbaycanın indiki tələblərinə daha uyğun görünür”.

Natiq Cəfərlinin fikrincə, 14 iqtisadi rayonun inzibati ərazi vahidlərinə çevrilməsi büdcəyə də xeyli qənaət etməyə imkan verər: “Bakının rayonlarını da nəzərə alsaq, Azərbaycanda 80-ə yaxın kiçik rayon var. Ərazisi o qədər də böyük olmayan bir ölkədə buna ehtiyac varmı? Bu sistemə inzibati və maliyyə resursları xərclənir, müxtəlif qurumlar və alt qurumlar yaradılır. Bütün bunlar büdcə vəsaitlərinə qənaət, eləcə də optimal və operativ idarəetmə baxımından yenidən nəzərdən keçirilməlidir. Belə bir islahat Azərbaycanın idarəetmə modelinin yenilənməsinə yeni impuls verə bilər. Eyni zamanda, sosial-iqtisadi problemlərin həllində də yeni mərhələnin başlanğıcı ola bilər.

Bəs yeni modelə keçid nə dərəcədə realdır? Əslində, bu, konstitusiya islahatlarından keçir. Azərbaycan artıq ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu yeni mərhələdədir. Bu baxımdan qələbə konstitusiyasının qəbulu məsələsi də gündəmə gəlir. Çünki sosial-iqtisadi məsələlərin idarə edilməsində təkrarlanmaların aradan qaldırılması, idarəetmədə səmərəliliyin artırılması konstitusiya islahatları ilə bağlıdır.

1995-ci ildə qəbul etdiyimiz və sonradan bir neçə dəfə dəyişdirdiyimiz Konstitusiya Azərbaycanın əsas hədəfinə — ərazi bütövlüyünün bərpasına və torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqda mühüm rol oynadı. İndi isə növbəti mərhələ başlayır. Bu, Azərbaycanın rifah dövlətinə çevrilməsi mərhələsidir. Fikrimcə, yeni Konstitusiyanın qəbulu bu prosesdə kifayət qədər müsbət rol oynaya bilər. Bu islahatlar Konstitusiyada təsbit olunmalıdır. Çünki qanunvericilik dəyişiklikləri ilə bütün bu islahatları həyata keçirmək mümkün deyil. Konstitusiyanın bir çox maddələri də müasir tələblərə uyğun olaraq dəyişdirilməlidir.

Ona görə də bu, təbii ki, mümkündür. Bunun üçün Konstitusiya komissiyası yaradılmalı, müzakirələr başlanmalı, müəyyən müddətdən sonra hazırlanmış mətn müzakirəyə çıxarılmalı və xalq tərəfindən qəbul olunmalıdır. Siyasi partiyaların və ictimaiyyətin bu istiqamətdə müzakirələrdə iştirakını təmin etməklə, dövlətimizin və xalqımızın qarşısında duran əsas hədəflərə çatmaq üçün yeni Konstitusiyanın qəbul edilməsi kifayət qədər realdır. Yəni, bu proses konstitusiya islahatlarından keçir”.

“Niyə mövcud icra hakimiyyəti sistemi bu qədər tez-tez tənqid olunur, əsas problem idarəetmə modelindədir, yoxsa kadr seçimində” suallarına isə Natiq Cəfərli bu cür cavab verib: “Fikrimcə, problem modeldədir. Çünki artıq adlarını çəkmədiyimiz, çoxumuzun yadından çıxan icra başçıları var. Onlardan 10-dan çoxu həbs olunub, işdən çıxarılıb, töhmət alıb, vəzifəsi dəyişdirilib və ya sistemdən uzaqlaşdırılıb. Onların yerinə yeniləri gəlib, amma problemlər olduğu kimi qalır. Bəzi dəyişikliklər baş verib, amma fundamental islahatlar aparılmayıb. İnsanların icra hakimiyyəti institutuna münasibətində razılıq və məmnunluq artmayıb. Bu da onu göstərir ki, sistemin özündə problemlər var. Həmin problemlərin həlli də sistemli islahatlardan keçir”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki