image-reklam-veteninfo
image-1backend

İlham Əliyevin təltif etdiyi Əziz Səncər KİMDİR? – Futbolçu olacaqdı, alim oldu

image-reklam-veteninfo

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib.

Ə. Səncər ordenlə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.

Bəs Əziz Səncər kimdir? 

Əziz Səncər (Aziz Sancar) türkiyəli-amerikalı məşhur biokimyaçı və molekulyar bioloqdur.

polish-20221102-211143629-1667412770.jpg (54 KB)

Professor 1946-cı ildə Mardinin Savur rayonunda anadan olan Nobel mükafatlı alim, həkim, akademik, biokimyaçı və molekulyar bioloqdur. O, 2015-ci ildə DNT-nin zədələnmiş hissələrinin hüceyrələr tərəfindən necə bərpa edildiyini göstərən araşdırmalarına görə Nobel Kimya Mükafatına layiq görülüb.

O, 8 sentyabr 1946-cı ildə Mardinin Savur rayonunda orta gəlirli fermer ailəsində, səkkiz uşağın yeddincisi olaraq dünyaya gəlib. İbtidai və orta təhsilini Mardində başa vurub. Orta məktəb illərində futbolçu olmaq istəyən Səncər sonuncu sinifdə bu arzusundan imtina edərək ali təhsil almaq üçün İstanbula gedib.

1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub və 1969-cu ildə fakültəni birinciliklə bitirib. Daha sonra doğulduğu Savurda iki il həkim kimi çalışıb.

NATO-TÜBİTAK təqaüdü qazanan Səncər ABŞ-yə gedərək Johns Hopkins Universitetində təhsilini davam etdirib. Lakin uyğunlaşma problemləri səbəbindən bir müddət sonra Türkiyəyə qayıdıb. Təhsilini davam etdirmək istəyən Səncər daha sonra ABŞ-nin Texas ştatındakı Dallas Universitetinə gedib.

Elmi fəaliyyəti

aziz-sancar.jpg (168 KB)

Səncər Dallasda universitetin molekulyar biologiya proqramına qoşulub. Elmi rəhbəri Claud Stanley Rupert ilə birlikdə “fotoliaz” adlı ferment üzərində araşdırmalar aparıb.

Bu tədqiqatlar nəticəsində zədələnmiş DNT-nin bərpasında klonlaşdırılmış genin istifadəsi ilə bağlı mühüm kəşf edib. Əvvəlcə magistr, daha sonra isə 1977-ci ildə doktorluq dərəcəsi alıb.

1977-1982-ci illərdə Yale Universitetinin Tibb fakültəsində çalışan Səncər bu dövrdə nukleotid eksiziyası ilə DNT təmiri mexanizmləri üzərində araşdırmalara başlayıb və DNT-nin bərpası sahəsində elmi fəaliyyətini genişləndirib.

1997-ci ildən etibarən ABŞ-nin Şimali Karolina ştatındakı Chapel Hilldə yerləşən Şimali Karolina Universitetinin biokimya və biofizika bölməsində fəaliyyətini davam etdirir.

Nobel mükafatına layiq görülüb

aziz-sancar-09-min.jpg (255 KB)

Əziz Səncər DNT təmiri, hüceyrə mexanizmləri, xərçəng müalicəsi və bioloji saatla bağlı araşdırmaları ilə tanınır.

2001-ci ildə Amerika Kimya Cəmiyyətinin Şimali Karolina üzrə Seçkin Kimyaçı mükafatına layiq görülüb.

2005-ci ildə ABŞ Milli Elmlər Akademiyasına seçilib və bu akademiyaya seçilən ilk türk alim olub. 2006-cı ildə isə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Əziz Səncər 2015-ci ildə amerikalı Paul Modrich və isveçli Tomas Lindahl ilə birlikdə Nobel Kimya Mükafatını qazanıb.

Alimlər DNT-də yaranan zədələrin hüceyrələr tərəfindən necə aşkar edilərək bərpa olunduğunu və genetik məlumatın necə qorunduğunu izah edən araşdırmalarına görə mükafata layiq görülüblər.

Nobel mükafatı Səncərə 10 dekabr 2015-ci ildə İsveçdə keçirilən mərasimdə İsveç kralı XVI Karl Qustav tərəfindən təqdim edilib.

Nobel mükafatını Anıtkabirə təhvil verib

Əziz Səncər Nobel mükafatını aldıqdan sonra medal və sertifikatını Anıtqəbirə təqdim edib.

Səncər mükafata gedən yolunda Atatürkün və Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi təhsil islahatlarının mühüm rol oynadığını bildirib.

Onun Nobel mükafatı, medalı və sertifikatı Anıtqəbirdə yerləşən “Atatürk və Qurtuluş Savaşı Muzeyi”ndə xüsusi ayrılmış bölmədə nümayiş etdirilir.

Əziz Səncərin ən mühüm mükafatları

Aziz-Sancara-Nobel-Odulunu-getiren-calismalari-DNAnin-mekanistik-tamiri-234558-966-544.jpg (84 KB)

Əziz Səncərin aldığı əsas mükafat və elmi nailiyyətlər arasında ABŞ Milli Elm Fondunun Gənc Tədqiqatçı Mükafatı (1984), Amerika Fotobiologiya Cəmiyyətinin mükafatı (1990), ABŞ Milli Sağlamlıq İnstitutunun mükafatı (1995), TÜBİTAK Elm Mükafatı (1997), Amerika İncəsənət və Elmlər Akademiyasına üzvlük (2004), ABŞ Milli Elmlər Akademiyasına üzvlük (2005), Türkiyə Elmlər Akademiyasına üzvlük (2006), Vehbi Koç Mükafatı (2007) və Nobel Kimya Mükafatı (2015) yer alır.

Səncər həyat yoldaşı, biokimya professoru Gwen Boles Səncərlə birlikdə ABŞ-də təhsil alan türkiyəli tələbələrə dəstək olmaq və Türkiyə-ABŞ əlaqələrinin inkişafına töhfə vermək məqsədilə Aziz & Gwen Sancar Fondunu yaradıb. Fond Şimali Karolina ştatında “Carolina Türk Evi” adlı tələbə qonaq evinin fəaliyyətinə dəstək verir.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki