Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas xəstəxanaya düşüb. Hazırda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır.
Vətəninfo.az xəbər verir ki, məlumatı İlham Tumasın yaxın dostu Rey Kərimoğlu yayıb.
Onun dediklərinə görə, həmkarı çox kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ardıcıl sudurqalar keçirib:
“44 günlük müharibədən sonra İlham Tumasın səhhətində müəyyən problemlər yaranıb. Axırıncı dəfə bir gecədə 3 dəfə ardıcıl sudurqa keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Qəflətən səhhəti pisləşən İlham Tuması jurnalist Qorxmaz Tofiqoğlu xəstəxanaya çatdırıb. Həkimlərin bildirdiyinə görə, jurnalist əsəb sarsıntısı keçirib və dərhal müdaxilə edilib”, – deyə Rey Kərimoğlu qeyd edib.
O bildirib ki, İlham Tumas birinci Qarabağ müharibəsində 2 dəfə – könüllü və zabit kimi iştirak edib. Azərbaycanın tanınmış döyüşçüləri general Polad Həşimovla, Raquf Orucovla birlikdə xidmət edib. 44 günlük Vətən müharibəsində də Baş leytenant olaraq orduya çağırılıb. Cəbhənin cənub istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra medallarla təltif edilib.
Həmçinin Rey Kərimoğlu qeyd edib ki, TƏBİB jurnalistin müalicəsi ilə yaxından maraqlanır və lazım olan köməkliyi, diqqəti göstərir. Bununla bağlı Qarabağ qaziləri TƏBİB-ə təşəkkürünü bildirib.
İlham Tumasın səhhəti ilə bağlı vəziyyət Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin diqqətindədir.