İngiltərədə havanın temperaturunun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır. Kəskin isti hava şəraiti səbəbindən ölkə üzrə nəqliyyat sistemində ciddi məhdudiyyətlər tətbiq olunub, yüzlərlə məktəbdə isə dərslərin vaxtından əvvəl başa çatdırılması qərarı verilib.
Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) çərşənbə günü səhər saatlarından etibarən qüvvəyə minən nadir “qırmızı ekstremal istilik xəbərdarlığı” elan edib.
Məlumata görə, xəbərdarlıq London, Somerset, Suonsi və Birmingem daxil olmaqla geniş ərazini əhatə edir.
Səlahiyyətli qurumlar bildiriblər ki, Qərbi Avropa üzərində formalaşan “istilik qübbəsi” səbəbindən İngiltərə və Uelsin bəzi bölgələrində rekord həddə çatan temperatur müşahidə olunacaq.
Böyük Britaniyanın dəmir yolu infrastrukturu şirkəti Network Rail sərnişinlərə yalnız zəruri hallarda səyahət etməyi tövsiyə edib.
Şirkət bildirib ki, yüksək temperatur səbəbindən relslərin deformasiyaya uğrama riski artdığından bəzi qatar reysləri azaldılıb, hərəkət sürətinə isə məhdudiyyətlər tətbiq olunub.
İsti hava dalğası fonunda su istehlakının artması səbəbindən Kent, Sasseks, Sörri, Hempşir və Berkşir bölgələrində bağların və yaşıllıqların şlanqla suvarılmasına qadağa qoyulub.
Mövcud vəziyyətlə əlaqədar hökumətin fövqəladə hallar üzrə COBR komitəsi təcili iclas keçirərək yaranmış vəziyyəti müzakirə edib.
Həddindən artıq istilər səbəbindən yüzlərlə məktəb şagirdlərin sağlamlığını qorumaq məqsədilə dərsləri vaxtından əvvəl başa vurub. Bəzi təhsil müəssisələrində isə məktəb forması ilə bağlı tələblər yumşaldılıb və şagirdlərə idman geyimində dərslərdə iştirak etməyə icazə verilib.
Səhiyyə qurumları hazırkı hava şəraitinin xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün ciddi risk yaratdığını bildirərək əhalini ehtiyatlı olmağa çağırıblar.

























