image-musevibackend

İran Azərbaycandakı səfirini dəyişmədi: Musəvinini geri çağırılmasını istəyən lobbistlər kim idi?

image-reklam_sirab_01

Aprelin 7 və 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Bu xəbərlə yanaşı “Tasnim” İranın Azərbaycandakı səfirinin geri çağırılmasına da aydınlıq gətirib. “Tasnim” xəbər verir ki, məlumatlı mənbə İranın Azərbaycandakı səfirinin çağırılması ilə bağlı dərc olunmuş xəbəri təkzib edib: “İki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra bəzi radikal cərəyanlar bu konstruktiv hərəkətlərə təsir göstərməyə başladı. İki nazir arasında aparılan danışıqlar hər iki tərəfdən ekstremist dairələri narahat etdi.

İran XİN sözçüsü Naser Kənani də keçirdiyi brifinqdə bəyan edib ki, Xarici İşlər Nazirliyində diplomatik vəzifələrin dəyişməsi normal haldır. “Lakin Azərbaycandakı səfirlə bağlı yeni heç nə olmayacaq”.

Xatırladaq ki, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin geri çağırılacağı haqda xəbərlər İran və Ermənistan mediasında yayılmışdı. Musəvi öz “Tvitter” səhifəsində buna cavab vermişdi.: “..Bir çox dostlar, rəğbət bəsləyənlər, ağsaqqallar son illər sarı, dolu və şübhəli kiberməkanda bəzi insanların əxlaqsızlığına milli maraqlar ucbatından göstərdiyim səbirli sükutdan şikayətlənir, bəziləri isə tərifləyir. Bütün yalanlar, təhqirlər, təxribatlar, dağıntılar qarşısında bu susqunluq hələ bir müddət davam edəcək, lakin İranın Qafqazda strateji və qətiyyətli siyasəti bütün imkanlardan istifadə edərək “mütərəqqi və ağlabatan mehriban qonşuluq prinsipi” sisteminə əsaslanır. O, daha sonra vurğulayıb ki, İranın regiondakı siyasəti lobbiçilərin səs-küyü ilə deyil, sistemin rasionallığı ilə müəyyən edilir. Yəni Musəvi onun geri çağırılma təşəbbüsünün lobbilərdən qaynaqlandığını açıq şəkildə deyirdi.

Bəs “Tasnim”ə məlumat verən mənbə “ekstremist dairələr” deyərkən kimi nəzərdə tutub? İş ondadır ki, geri çağırılma xəbəri elə “Tasnim”də dərc edilmişdi. Əvvəllər Ali Təhlükəsizlik Şurasına və SEPAH-a yaxın nəşrlərdə A.Musəvinin geri çağırılması tələbləri səslənmiş, ona “İlham Əliyevin lobbisti” yarlığı da yapışdırılmışdı. Yeni səfir göndəriləcək Müctəba Dəmirçilunun Azərbaycan üçün narahatedici dosyesi haqda isə əvvəlki yazılarda məlumat vermişdik. Görünür, nazirlərin telefon danışığında Azərbaycan tərəfi hazırkı səfirin “azəri lobbisti” olmaq ittihamı ilə geri çağırılaraq əvəzində fəaliyyətinin xeyli hissəsi Bakının reallaşdırmaq istədiyi kəmərlərə qarşı mübarizədə keçmiş şəxsin gəlişinin arzuolunmazlığını izah edə bilib.

Maraqlıdır ki, nazirlər danışıq apardığı vaxt İran XİN sözçüsü Naser Kənani Azərbaycanın dörd iranlı diplomatın və iranlı müəllimlərin (Azərbaycan tərəfinin açıqlmalarında müəllimlər haqda hər hansı məlumat yoxdur, söhbətin kimdən getdiyi anlaşılmır-C.Q.) arzuolunmaz şəxs elan edilməsinə qarşı cavab addımları atılacağını açıqlamışdı. Yəni “iki nazir arasında aparılan danışıqlardan narahat olan “ekstremist dairələr”in Abdullahianın rəhbəri olduğu qurumun divarları arasından çıxsa, təəccüblənməyəcəyik.

Cəmaləddin Quliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki