İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerinin dəniz minasına düşdüyünü və nəticədə gəmidə yanğın baş verdiyini bildirib.
Bu barədə “Fars” xəbər agentliyi SEPAH-ın məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, tanker İranın müəyyən etdiyi tranzit qaydalarını pozub. SEPAH iddia edir ki, gəmi Hörmüz boğazından keçərkən avtomatik identifikasiya sistemini söndürüb.
İran mediası bundan əvvəl də Hörmüz boğazının cənub hissəsində tankerlərin minaya düşməsi ilə bağlı daha bir hadisə barədə məlumat yayıb.
SEPAH-ın açıqlamasında qeyd olunub ki, Hörmüz boğazı və Fars körfəzindən keçən gəmilərdə naviqasiya və identifikasiya sistemlərinin söndürülməsi İranın daha sərt tədbirlər görməsi üçün əsas hesab edilə bilər.
Hadisə ilə bağlı tankerin adı, insident nəticəsində xəsarət alanların olub-olmaması və gəminin hansı ölkəyə məxsus olduğu barədə əlavə məlumat verilməyib.


























