image-reklam-veteninfo
image-bez-nazvaniya-1backend

İran Pakistanla sərhədi bağladı: Məkkə sazişinə görə İslamabada mesaj?

image-reklam-veteninfo

İranın Pakistanla quru sərhədində gediş-gəlişin texniki problemlər və təhlükəsizlik tədbirləri ilə əlaqədar müvəqqəti dayandırıldığı bildirilib. Lakin bu qərarın arxasında Tehranla İslamabad arasında yaranan siyasi fikir ayrılıqlarının dayana biləcəyi ehtimal olunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, sərhədin müvəqqəti bağlanması texniki problemlər və əlavə ehtiyat tədbirlərinin görülməsi zərurəti ilə bağlıdır. İranla Pakistan arasında təxminən 909 kilometr uzunluğunda ortaq quru sərhədi mövcuddur.

Tehran qərarı texniki səbəblərlə izah etsə də, bu addımın Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə imzaladığı Məkkə sazişi fonunda atılması diqqət çəkir. İranın həmin sazişi özünə və dəstək verdiyi husilərə qarşı formalaşdırılan əməkdaşlıq mexanizmi kimi qiymətləndirdiyi bildirilir. Bu baxımdan sərhədin bağlanması İslamabada siyasi mesaj kimi də şərh oluna bilər.

İran parlamentinin deputatı Əhməd Naderi bildirib ki, Pakistanın Yəmən məsələsində Səudiyyə Ərəbistanı ilə birgə hərəkət etməsi İslamabadın İranla ABŞ arasında vasitəçilik roluna son qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi də əvvəlki açıqlamalarının birində Məkkə sazişini imzalayan dövlətlərin adlarını çəkmədən həmin razılaşmanı tənqid edib.

Səudiyyə Ərəbistanının Yəməndə husilərin hücumlarının qarşısını almağa çalışması, husilərin isə krallıq ərazisinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi Ər-Riyadın təhlükəsizlik məsələlərinə daha sərt yanaşmasına səbəb olub. Bu şəraitdə Türkiyə və Pakistanın saziş çərçivəsində Səudiyyə Ərəbistanına dəstəyini artırması regional güc balansı baxımından əhəmiyyət daşıyır.

Məlumata görə, saziş çərçivəsində Ər-Riyadda alyansın Strateji Siyasi və Müdafiə Komitəsinin iclası keçirilib. Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyini artırmaq qərarı verdiyi, ölkəyə hərbçilərlə yanaşı qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp da açıqlamalarının birində Məkkə sazişinə dəstəyini ifadə edib və Pakistanın Səudiyyə Ərəbistanına hərbi yardımına müsbət münasibət göstərib. Görünür, Vaşinqton husilərlə mübarizədə birbaşa ABŞ hərbi qüvvələrinin cəlb olunmasındansa, regional tərəfdaşların daha fəal rol oynamasına üstünlük verir.

Bununla belə, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyini artırması İranla ABŞ arasında vasitəçilik imkanlarına mənfi təsir göstərə bilər. Vaşinqton üçün bu vəziyyət müəyyən çətinliklər yaratsa da, İranla danışıqların aparılması məqsədilə Qətər və Oman kimi ölkələrin vasitəçilik imkanlarından istifadə etmək mümkündür.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda keçirdiyi görüşlər nəticəsiz qalıb. Tərəflər arasında razılaşma əldə olunmayıb, Hörmüz boğazında gərginlik də aradan qalxmayıb.

Bununla yanaşı, Pakistanın vasitəçilik rolu Çin üçün xüsusi əhəmiyyət daşıyır. Pekinin strateji tərəfdaşı olan İslamabadın ABŞ-İran dialoqunda iştirak etməsi Çinin regional maraqlarına uyğun hesab edilirdi. Çin özü Vaşinqtonla Tehran arasında birbaşa vasitəçilik edə bilmədiyindən Pakistanın bu prosesdəki rolunu dəstəkləyirdi.

Beləliklə, İran-Pakistan sərhədində gediş-gəlişin müvəqqəti dayandırılması təkcə texniki məsələ deyil, həm də regionda dərinləşən siyasi və hərbi ziddiyyətlər kontekstində diqqət çəkir. Bununla belə, sərhəd qərarının birbaşa Məkkə sazişi ilə əlaqəli olduğunu təsdiqləyən rəsmi sübut yoxdur.

Elxan Şahinoğlu




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki