İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Bəhreyndə keçirilən regional təhlükəsizlik dialoqunu tənqid edib. Dialoq iştirakçılarının Hörmüz boğazındakı vəziyyəti müzakirə etməsi də İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadinin tənqidinə səbəb olub.
Qəribabadi X sosial şəbəkəsində yazıb: “Hörmüz ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yox, İranın nəzarəti altındadır”.
Onun fikrincə, Bəhreyndə keçirilən hərbi sammit Fars körfəzində hüquqi nizam və təhlükəsizlik yarada bilməz.
Nazir müavini qeyd edib ki, “Regionun təhlükəsizliyi müdaxilələrin dayandırılması və ABŞ-ın bölgədən çıxması, ölkələrin suverenliyinə hörmətlə yanaşmaq və yeni geosiyasi reallıqları qəbul etməklə təmin ediləcək, Amerikanın hərbi himayəsi altında deyil”.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı CENTCOM rəhbəri admiral Bred Kuperin çərşənbə günü Bəhreyndə 12 Yaxın Şərq ölkəsinin müdafiə nazirliklərinin nümayəndələri ilə regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüş keçirdiyini bildirmişdi.
Bəyanatda deyilir ki, dialoq çərçivəsində tərəflər təhlükəsizlik sektorundakı mövcud vəziyyəti və müdafiə sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Eyni zamanda, qeyd olunur ki, görüş iştirakçıları Hörmüz boğazından ticarət gəmilərinin maneəsiz keçidini təmin etmək öhdəliklərini vurğulayıblar.


























