Son günlər İranda ABŞ ilə danışıqlara və mümkün razılaşmaya qarşı çıxan siyasi qüvvələrə nüfuzlu dini dairələrin də qoşulması ölkədə müharibə və sülh məsələsi ətrafında fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.
Vətəninfo.az xəbər verir ki, belə ki, ötən şənbə günü İranın ali dini liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Məclisinin 60-dan çox üzvü son regional proseslər və ABŞ ilə aparılan danışıqlarla bağlı 10 maddədən ibarət bəyanat yayıb.
Məzmun etibarilə bəyanat hökumətin Vaşinqtonla dialoq siyasətini tənqid edir və danışıqlarda daha sərt, güzəştsiz mövqe tutulmasına çağırır. Sənəddə Hörmüz boğazının açıq saxlanılması strateji səhv kimi qiymətləndirilib, həmçinin İranın nüvə proqramının danışıqların gündəliyindən tamamilə çıxarılması tələb olunub.
Bəyanatın ikinci maddəsi xüsusilə diqqət çəkib. Həmin bənddə ABŞ Prezidenti və İsrailin baş naziri son müharibəyə görə məsuliyyət daşıyan şəxslər kimi təqdim olunaraq onların cəzalandırılması tələb edilir. Sənəddə bu şəxslərə qarşı hərəkət etməyin dini vəzifə olduğu barədə ifadələr yer alıb ki, bu da beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb ola biləcək məzmun kimi qiymətləndirilir.
Siyasi müşahidəçilərin fikrincə, ali hakimiyyət sisteminin mühüm institutlarından biri olan Ekspertlər Məclisinin nümayəndələri tərəfindən belə sərt mövqenin ortaya qoyulması ABŞ-la aparılan danışıqların gələcəyinə mənfi təsir göstərə bilər.
Bəyanatın səkkizinci maddəsində isə qeyd olunur ki, ABŞ və müttəfiqləri danışıqlardan vaxt qazanmaq, hərbi güclərini bərpa etmək və gələcək planlarını həyata keçirmək üçün istifadə edirlər. Sənəddə İrana qarşı yeni hücum ehtimalının yüksək olduğu da iddia edilir.
Bəyanatı imzalayanlar arasında İranın nüfuzlu din xadimləri Əlirza Ərafi, Möhsün Əraki, Qurbanəli Dürri Nəcəfabadi, Əhməd Ələmülhüda və Mehdi Mirbağeri də yer alır.
Ümumilikdə 88 üzvdən ibarət olan Ekspertlər Məclisinin təxminən dörddə üçünün bu sənədə imza atması ABŞ-la gərginliyi azaltmağa və danışıqlar yolu ilə mümkün razılıq əldə etməyə çalışan prezident Məsud Pezeşkian hökuməti üçün ciddi siyasi mesaj kimi qiymətləndirilir.
Məlumata görə, bəyanatın dərc edilməsindən sonra prezident Məsud Pezeşkian iyunun 28-də təcili şəkildə Qum şəhərinə səfər edib. O, burada nüfuzlu mərcəi-təqlidlər və din xadimləri ilə görüşərək hökumətin apardığı siyasətə dəstək qazanmağa çalışıb.


























