İranın müvəqqəti müdafiə naziri briqada generalı Məcid İbn əl-Rza ölkəsinin tam hərbi hazırlıq vəziyyətində olduğunu bildirərək, atəşkəsin pozulacağı təqdirdə qəti və mütənasib cavab veriləcəyini bəyan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, Məcid İbn əl-Rza Qətərin Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri ilə telefon danışığı zamanı Dohanın ABŞ və İsrail arasında əldə olunan atəşkəsə töhfə verən vasitəçilik səylərini yüksək qiymətləndirib.
İranlı nazir bildirib ki, qarşı tərəf qısa müddət ərzində atəşkəs öhdəliklərini bir neçə dəfə pozub və Tehran bu vəziyyəti diqqətlə izləyir.
O, ABŞ ilə İran arasında münasibətlərin uzun illərdir qarşılıqlı etimadsızlıq və düşmənçilik fonunda inkişaf etdiyini qeyd edərək, Vaşinqtonu İrana qarşı siyasətinə görə tənqid edib.
Məcid İbn əl-Rza həmçinin bildirib ki, İran ölkənin cənubundakı Minab şəhərində yüksək vəzifəli siyasi və dini xadimlərin, hərbi komandirlərin, mülki şəxslərin və məktəblilərin həlak olduğu hadisələri unutmayacaq və bu hadisələrin ABŞ-ın siyasətinin nəticəsi olduğunu iddia edib.
Nazir vurğulayıb ki, İran qonşu və müsəlman ölkələrə, xüsusilə də Qətərə etibar edir, lakin düşmənlərinə etimad göstərmir.
“Əlimiz tətiyin üzərindədir və atəşkəs şərtlərinin hər hansı pozuntusuna tərəddüd etmədən lazımi və mütənasib cavab verəcəyik”, – deyə o bildirib.
İranlı nazir çıxışında Fars körfəzi və Hörmüz boğazının qlobal ticarət üçün strateji əhəmiyyət daşıdığını da qeyd edib. Onun sözlərinə görə, regionda xarici hərbi qüvvələrin mövcudluğu təhlükəsizliyi gücləndirmək əvəzinə, gərginliyi və etimadsızlığı artırır.
Məcid İbn əl-Rza təhlükəsizliyin regional dövlətlər tərəfindən təmin edilməsinin vacibliyini vurğulayaraq, kənar müdaxilələrin bölgədə sabitliyə xidmət etmədiyini bildirib.
O, həmçinin İsraili Qəzza, Livan, Suriya, Qətər və İranda törədilən hücumlarda ittiham edib və ABŞ-ın dəstəyinin İsrailin fəaliyyətini davam etdirməsinə şərait yaratdığını iddia edib.
Telefon danışığının sonunda tərəflər İran və Qətər arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.


























