İsrailin müdafiə naziri İsrael Katz Türkiyənin Suriyadakı fəaliyyətinə münasibət bildirərək, Ankaranın bu ölkədə hərbi və siyasi təsirini artırmasına imkan verməyəcəklərini bəyan edib.
Nazirin sözlərinə görə, İsrail öz təhlükəsizlik maraqlarını qorumaq üçün bütün zəruri addımları atmağa qadirdir.
“Ərdoğanın Suriyanı bizə qarşı gücləndirməsinə icazə verməyəcəyik. Maraqlarımızı necə müdafiə edəcəyimizi bilirik”, – deyə Katz bildirib.
O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “özünü İranla eyni vəziyyətə salmamağı” tövsiyə edib.
Bununla yanaşı, İsrailin müdafiə naziri vurğulayıb ki, hazırda Təl-Əviv və Ankara arasında birbaşa hərbi qarşıdurma mövcud deyil və İsrail Müdafiə Qüvvələri (İDF) belə bir ssenarinin baş verməsində maraqlı deyil.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İsraili Suriya, Livan və Qəzza zolağından qoşunlarını çıxarmağa çağırmışdı.


























