Türkiyə Xarici İşlər Nazirliyi İsrail Nazirlər Kabinetinin “1915-ci il hadisələri”ni rəsmi olaraq “erməni soyqırımı” kimi tanımaq barədə qərarını yekdilliklə təsdiqləməsinə münasibət bildirib.
Türkiyə XİN-in bəyanatında deyilir:
“Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli təzyiqlər həyata keçirən və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Qəzza sakinlərinə qarşı soyqırımı ittihamı ilə məhkəmə prosesinə cəlb olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qətnamə vasitəsilə öz cinayətlərini ört-basdır etməyə çalışır.
Hüquqi və tarixi faktları görməzdən gələn bu qərəzli təşəbbüs fələstinlilərə qarşı törədilmiş cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barələrində həbs qərarı çıxarılmış Benyamin Netanyahu və onun silahdaşlarının düşdüyü vəziyyəti açıq şəkildə nümayiş etdirir.
Türkiyə İsrailin regionda həyata keçirdiyi ekspansionist və sabitliyi pozan siyasətə son qoyulması, həmçinin Netanyahu hökumətinin, ilk növbədə fələstinlilərə qarşı mülki əhaliyə yönəlmiş cinayətlərə görə qanun qarşısında cavab verməsi istiqamətində qətiyyətlə fəaliyyətini davam etdirəcək”.


























