image-1backend

İsrail ordusu: “Qəzza şəhərini tamamilə mühasirəyə aldıq”

image-reklam_sirab_01

İsrail ordusu blokadada olan Qəzza zolağının ikiyə bölündüyünü və Qəzza şəhərini tamamilə mühasirəyə aldıqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, ordu sözçüsü Daniel Haqari mətbuat konfransında Qəzzaya edilən hücumlarla bağlı açıqlama verib.

İsrail qüvvələrinin Qəzza şəhərini tamamilə mühasirəyə aldığını və Qəzza zolağının ikiyə bölündüyünü bildirən Haqari “Hazırda Qəzzanın şimalı və Qəzzanın cənubu var” deyib.

Haqari Qəzzanın şimalındakı fələstinli mülki şəxslərin də cənuba keçməsinə icazə verəcəklərini bildirib.

Qəzzaya hücumlarla bağlı sualı cavablandıran Haqari İsrail qüvvələrinin bölgədə genişmiqyaslı hücumlar həyata keçirdiyini qeyd edib.

İsrail ordusundan verilən açıqlamada son 24 saat ərzində Qəzza boyunca 450 yerə hava zərbələri endirildiyi bildirilib.

Vurulan yerlər arasında “Həmas”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid olduğu bildirilən tunel və müşahidə nöqtələri kimi hədəflərin olduğu iddia edilib.

Açıqlamada həmçinin iddia edilib ki, quru qoşunları Qəzzada Qəssam Briqadalarına aid hərbi kompleksi ələ keçirib.

İsrail Baş Qərargah rəisi Herzi Halevi də Livanla sərhəd xətti olan şimala hücum etməyə hazır olduqlarını və bunun baş verə biləcəyini deyib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki