image-reklam-veteninfo
image-1backend

İsrail-Türkiyə gərginliyi bölgə üçün yeni təhlükə yaradır

image-reklam-veteninfo

İsrailin baş naziri Benyamin Netanyahu odla oynayır. İsrailin Suriyanın İdlib vilayətində yerləşən və uzun müddətdir istifadəsiz qalan Əbu-Zuhur aviabazasına zərbə endirməsi bölgədə yeni gərginlik ocağının yaranmasına səbəb olub.

Netanyahu zərbəni onunla əsaslandırıb ki, Suriya hakimiyyəti aviabazanı Türkiyənin istifadəsinə verməyi planlaşdırır. İsrail tərəfi isə bunun öz təhlükəsizliyinə təhdid yaratdığını iddia edir.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin hücumunu Suriyanın ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirib. Ankaranın mövqeyinə görə, Suriyanın hansı ölkə ilə hərbi əməkdaşlıq qurması onun suveren hüququdur. İsrailin Türkiyə ilə münasibətlərində gərginliyin olması Dəməşqin Ankara ilə hərbi əməkdaşlıq etməsinə maneə yaratmamalıdır.

Maraqlıdır ki, İsrail Suriya ərazisində keçmiş SSRİ və Rusiyaya məxsus hərbi bazaların mövcudluğuna uzun müddət ciddi etiraz etməyib. Buna görə də Türkiyə sərhədindən təxminən 72 kilometr məsafədə yerləşən aviabazaya zərbə endirilməsi Ankaranın sərt reaksiyasına səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlamasında bildirib ki, Türkiyəyə qarşı hücum planlaşdıran tərəfə lazımi cavab veriləcək.

Netanyahunun Türkiyə ilə münasibətlərdə gərginliyi artırmasının daxili siyasi səbəblərlə də bağlı olduğu ehtimal edilir. İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində Netanyahu mühafizəkar elektoratın dəstəyini qazanmaq üçün Ankara ilə qarşıdurma ritorikasından istifadə edir.

Hətta hakim “Likud” partiyasının reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın şəklinin yerləşdirilməsi və onun düşmən obrazında təqdim olunması iki ölkə arasındakı siyasi qarşıdurmanın hansı səviyyəyə çatdığını göstərir.

Bu siyasət İsrail üçün müsbət nəticələr vəd etmir. Müxtəlif ölkələrlə münasibətlərində problemlər yaşayan İsrailin regionun aparıcı dövlətlərindən biri olan Türkiyə ilə də gərginliyi artırması iki ölkə arasında birbaşa qarşıdurma riskini yüksəldir.

Türkiyə Xarici İşlər Nazirliyinin son hadisə ilə bağlı açıqlamasında beynəlxalq ictimaiyyətə də çağırış edilib. Ankara İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirilməsini istəyib.

ABŞ administrasiyası İranı cilovlamağa çalışdığı bir vaxtda Yaxın Şərqdə İsrail-Türkiyə qarşıdurmasının dərinləşməsi Vaşinqtonun təhlükəsizlik maraqlarına da uyğun deyil. Təsadüfi deyil ki, ABŞ administrasiyasının İsrail, Suriya və Türkiyə arasında mümkün münaqişələrin qarşısını almaq üçün yeni mexanizm üzərində işlədiyi bildirilir.

İsrail-Türkiyə gərginliyinin artması Azərbaycanın maraqlarına da cavab vermir. Bu baxımdan, Ankara ilə Təl-Əviv arasında qarşıdurmanın daha da dərinləşəcəyi təqdirdə Azərbaycanın da mövqeyini açıqlaması və diplomatik kanallarla bölgədə sabitliyin qorunmasına çağırış etməsi zərurəti yarana bilər.

Yaxın Şərq onsuz da çoxsaylı münaqişələrin məngənəsindədir. Bu şəraitdə İsrail və Türkiyə kimi regionun mühüm aktorları arasında yeni qarşıdurma xəttinin yaranması vəziyyəti daha da mürəkkəbləşdirə və genişmiqyaslı regional böhran riskini artıra bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki