image-jirayr-libaridyan-696x391backend

Jirayr Libaridyan: “Bakı Vardanyana məhəl qoymadan Arutyunyanla danışmalıdır”

image-reklam_sirab_01

“Bakı Ruben Vardanyana məhəl qoymayaraq Arayik Arutyunyanla danışmalıdır. Beləliklə də Arutyunyanın mövqeyi güclənə, Vardanyanın mövqeyi zəiflədilə bilər”.

Bunu AzadlıqRadiosunun Azərbaycan xidmətinə müsahibəsində 1993-1994-cü illərdə Ermənistan xarici işlər nazirinin müavini, sonrakı illərdə ilk prezident Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Libaridyan deyib.

O Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı durumu, Yerevan və Bakı arasında sülh prosesi, Laçın dəhlizindəki vəziyyətlə bağlı danışıb.

Libaridyan bildirib ki, Azərbaycan və Naxçıvan arasında kommunikasiya məsələsini Laçın dəhlizi ilə müqayisə etmək və bu ikisi arasında bərabərlik işarəsi qoymaq olmaz.

Onun sözlərinə görə Qarabağ hər tərəfdən Azərbaycan əraziləri ilə əhatə olunduğu halda, Naxçıvanın İran və Türkiyə ilə sərhədləri var və hər iki sərhəddən aktiv gediş-gəliş mövcuddur.

Libaridyan vurğulayıb ki, bu baxımdan Ermənistanın Naxçıvanı blokadaya alması məsələsi heç vaxt gündəmdə olmayıb.

1921-ci ilin Qars müqaviləsi
Keçmiş diplomat qeyd edib ki, Qarabağdan fərqli olaraq Naxçıvanda heç vaxt humanitar böhran yaşanmayıb:

“Həm də Naxçıvanın beynəlxalq statusu var və bu statusa beynəlxalq qarantiyalar verilib. Bəzən buna fikir verilməsə də, 1921-ci ilin Qars müqaviləsinə görə belə qarantlardan biri də Ermənistandır. Beləliklə, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyəti Ermənistan da daxil bu sazişi imzalayan beş ölkə tərəfindən təsdiqlənib. Buna görə də Naxçıvandakı vəziyyət tamamilə fərqlidir”.

Libaridyanın dediyinə görə hazırda Ermənistan üçün zəruri olan Laçın dəhlizinə, gələcəkdə sülh olarsa, dəhliz kimi ehtiyac olmaya bilər:

“Amma hazırda həmin dəhliz bağlanıb. Bu isə o deməkdir ki, burada Naxçıvan üçün mövcud olmayan təcililik faktoru var. Mən tamamilə başa düşürəm ki, Azərbaycan Naxçıvanla öz arasında adamların və yüklərin sərbəst hərəkətinə imkan verən rejim istəyir və bu 9 noyabr 2020-ci ili bəyanatında da “maneəsiz çıxış” kimi öz əksini tapıb. Maneəsiz çıxış Azərbaycanın tələb etdiyi kimi torpaq üzərində suverenlik olmadan da ola bilər”.

Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonlarının işğal edildiyi bir vaxtda Ermənistan xarici siyasət idarəsində ikinci şəxs olmuş Libaridyan danışıqlar prosesinin xeyli mürəkkəb olduğunu vurğulayıb.

Onun fikrincə Azərbaycan Naxçıvanla öz arasında kommunikasiyanın açıqlığını Ermənistanın ərazisi üzərində suverenlik tələb etmədən də istəyə bilər.

Libaridyan deyir ki, bu məsələyə Türkiyə və başqa ölkələrin müdaxiləsi bunun artıq beynəlxalq məsələyə çevrildiyini göstərir.

“Bakının mövqeyində ziddiyyət var”
Keçmiş diplomat bildirib ki, Laçın dəhlizinin guya ekofəallar tərəfindən bağlanmasını ciddi qəbul etmək olmaz:

“Azərbaycanın bütün iqtisadiyyatı neft və qaz – karbohidrogen resursları üzərində qurulub. Biz bilirik ki, bunların hasilatı çox böyük ətraf mühit problemidir. Amma bununla bağlı Azərbaycanda nümayişlər olmayıb. Və indi birdən birə ətraf mühit problemi ilə bağlı aksiya Laçında keçirilir. Odur ki, biz söhbətin əslində nədən getdiyini özümüz üçün müəyyənləşdirməliyik”.

Libaridyan deyib ki, bu məsələdə Bakının mövqeyində ziddiyyət var:

“Bakı bir tərəfdən deyir ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olmasını istəyir. Digər tərəfdən əlindən gələn hər şeyi edir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaq istəməsinlər.”

Libaridyan düşünür ki, Azərbaycanın Qarabağdakı filiz yataqlarına nəzarəti və başqa bu kimi məsələlər Qarabağ erməniləri ilə razılaşma əsasında olmalıdır.

Keçmiş diplomat Laçın dəhlizi ilə qeyri-humanitar yüklərin daşınması barədə Bakının iddialarını da ciddi qəbul etmir. Onun fikrincə bu iddialar irəli sürülərkən mütləq sübutlar da təqdim olunmalıdır:

“Əgər əsas səbəb budursa, Azərbaycan ruslarla danışmalıdır. Çünki 9 noyabr razılaşmasına görə nəyin gəlib, nəyin getməsinə onlar nəzarət etməlidirlər. Mən çoxdan Qarabağda olmamışam. Amma orada olan adamlardan eşidirəm ki, Qarabağa nəyin gəlməsinə olmasa da, ora kimlərin gəlməsinə ciddi nəzarət var”.

Bununla belə Libaridyan Qarabağ erməniləri ilə, Arayik Arutyunyanla Azərbaycan arasındakı təmasları müsbət qiymətləndirdiyini deyib. Onun fikrincə Ermənistan baş nazirinin də belə birbaşa təmasları istəməsi yaxşı əlamətdir.

“Mən bu sualı İlham Əliyevə də vermişdim…”
O hazırda Qarabağda “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyanın sülh prosesinə mane olması barədə söhbətlərə gəlincə deyib:

“Orada hətta Vardanyanın olmadığı vaxtlarda da uzun müddətdir ki, əsaslı danışıqlar olmayıb. Vardanyan ora sonradan gəlib. Bakının Arayik Arutyunyanla və ya başqaları – Baho Sahakyan, Arkadi Qukasyanla danışmaq imkanı olub, amma Bakı onlarla danışmayıb. Mənim yadımdadır ki, mən 1999-cu ildə Bakıda Heydər Əliyevlə görüşəndə ondan soruşmuşdum ki, “siz Arkadi Qukasyanla niyə danışmırsınız?”. Mən eyni sualı 2003-cü ildə İlham Əliyevə də vermişdim. Bunların heç biri baş verməyib. Bakının mövqeyi belədir ki, “biz onlarla danışsaq, deməli onları tanımış oluruq”. Mən bununla razı deyiləm”.

Libaridyan vurğulayıb ki, Vardanyanla heç bir dostluq münasibəti yoxdur və heç də düşünmür ki, onun Qarabağda vəzifəyə gəlməsi problemin həllinə kömək edir:

“Burada birinci məsələ Bakının Qarabağla Vardanyansız belə əsaslı danışıqlara getməyə hazır olub-olmamasıdır. İkincisi hazırda Vardanyanın səlahiyyətləri sırf iqtisadi məsələlərlə məhdudlaşdırılıb. Yəni onun hazırkı mandatı ona lap əvvəldə verilmiş mandat qədər geniş deyil. Bakı sadəcə olaraq ona məhəl qoymadan danışıqlara gedə bilər. İstənilən danışıqlarda siz kiminləsə danışmaq və ya danışmamaqla onun mövqeyini gücləndirə və ya zəiflədə bilərsiniz”.

Libaridyan deyib ki, Azərbaycanla təmaslarda olan Vitali Balasanyanın vəzifəsindən uzaqlaşdırılması, bunu kimin etməsindən asılı olmayaraq heç də yaxşı addım olmayıb:

“Yəni Bakı Arutyunyanla danışmaqla onun mövqeyini gücləndirə, Vardanyanın mövqeyini isə zəiflədə bilər. Siz kiminsə mövqeyini problemləri onunla həll etməklə gücləndirə bilərsiniz”.

Keçmiş diplomat deyib ki, onda olan məlumata görə Vardanyanla Qarabağdakı erməni liderlər arasında fikir ixtilafı var və bu səbəbdən də Vardanyanın səlahiyyətləri məhdudlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki