“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin Azərbaycan Televiziyasını (AzTV) və bir sıra xarici media qurumlarını “düşmən media qurumları” siyahısına daxil etməsi, həmçinin həmin media orqanları ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bu addım qətiyyətlə pislənilir və İran hakimiyyətinin növbəti əsassız və qəbuledilməz qərarı kimi qiymətləndirilir. Bildirilir ki, uzun illərdir ölkə daxilində sərt senzura və informasiya məhdudiyyətləri tətbiq edən rəsmi Tehran indi də azad və obyektiv fəaliyyət göstərən Azərbaycan mediasını hədəfə almağa çalışır.
İctimai Birlik vurğulayır ki, öz ölkəsində jurnalistlərin fəaliyyətini məhdudlaşdıran, söz və ifadə azadlığını boğan, mətbuatı ideoloji təbliğat vasitəsinə çevirən bir rejimin digər media qurumlarını “düşmən” elan etməsi beynəlxalq hüququn və media azadlığının fundamental prinsiplərinə ziddir.
Bəyanatda qeyd olunur ki, Azərbaycan mediası heç bir xarici dövlətin və ya rejimin təsiri altında fəaliyyət göstərmir və hər hansı təhdid qarşısında geri çəkilməyəcək.
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi İranın bu siyasətini qətiyyətlə rədd etdiyini bildirərək, Azərbaycan jurnalistləri və dövlət media qurumları ilə həmrəy olduğunu bəyan edib.
Eyni zamanda, beynəlxalq təşkilatlar İranda media azadlığının və insan hüquqlarının pozulmasına, eləcə də qonşu dövlətlərin media nümayəndələrinə qarşı səsləndirilən təhdidlərə biganə qalmamağa çağırılıb.


























