Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas yaxınlaşan sammit ərəfəsində NATO-da birlik, daha güclü müdafiə əməkdaşlığı və Türkiyə ilə daha yaxın əlaqə qurmağa çağırıb.
Aİ nümayəndəsi Kaya Kallas müdafiə ittifaqının ciddi sınaqlarla üz-üzə qaldığı bu dövrdə Ankaradakı NATO sammitinin kritik əhəmiyyətə malik olduğunu və müttəfiqlər arasındakı birliyin hər zamankından daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.
29-30 iyun tarixlərində Türkiyəyə reallaşdıracağı səfər ərəfəsində iyunun 29-da “Anadolu” agentliyinə (AA) xüsusi müsahibə verən Kallas deyib: “Əlbəttə hər sammit ərəfəsində bunun tarixi bir görüş olduğu deyilir; lakin bu bir həqiqətdir ki, sizin də qeyd etdiyiniz kimi transatlantik əlaqələrin ciddi təzyiq altında olduğu bu dövrdə birlik və bərabərlik nümayiş etdirmək təkcə alyans üçün deyil, eyni zamanda rəqiblərimiz üçün də son dərəcə vacibdir”.
Türkiyənin bir sıra geosiyasi məsələlərdəki mərkəzi rolu səbəbindən səfəri çərçivəsində genişlənmə və miqrasiya üzrə Aİ komissarlarının da onu müşayiət edəcəyini bildirən Kallas NATO-nun gündəmindəki əsas başlıqlar arasında müdafiə istehsalının artırılması, çəkindirmə potensialının gücləndirilməsi və “Ukrayna üçün daha nələr edilə biləcəyinin” yer aldığını qeyd edib.
Müştərək ordu müzakirələrinə rədd cavabı
Ayrıca bir Avropa ordusunun yaradılması ilə bağlı təklifləri rədd edən Kallas Aİ üzvlərinin onsuz da NATO-nun daha geniş müdafiə strukturunun bir hissəsi olan milli ordulara sahib olduğunu xatırladıb.
Kallas “Hər bir Aİ üzvü olan dövlətin, daha sonra Avropa liderliyinə tabe olacaq başqa bir ordu qurması qeyri-mümkündür. Təhlükələr regionaldır, ona görə də veriləcək cavab da regional olmalıdır” deyərək müdafiə investisiyalarının artırılması və Avropa ölkələri arasında daha yaxın koordinasiyanın təmin edilməsi çağırışını edib.
Aİ və NATO-nun fəaliyyət təkrarlanmasının qarşısını almaq məqsədilə yaxın təmasda olduğunu bildirən Kallas alyans daxilindəki “Avropa sütununu” gücləndirməyə diqqət yetirdiklərini söyləyib. Kallasın sözlərinə görə, bəzi hərbi potensialların tək bir ölkə tərəfindən təkbaşına əldə edilməsinin çox baha başa gəlməsi səbəbindən, üzv ölkələr ortaq tədarük proqramlarına istiqamətləndirilir.


























