Ynet nəşri yazıb ki, İsrail kəşfiyyatı İranın yüksək vəzifəli İsrail rəsmilərinə qarşı sui-qəsd cəhdləri təşkil edə biləcəyi barədə xəbərdarlıq edib. Bildirilir ki, Tehran İsrail rəhbərliyinə qarşı həyata keçirilən sui-qəsdlərə cavab olaraq qisas almağı planlaşdırır.
Məlumata əsasən, son günlərdə hazırkı və keçmiş İsrail nazirləri, eləcə də digər yüksək vəzifəli məmurlar bu barədə rəsmi xəbərdarlıq alıblar. Şin Bet təhlükəsizlik xidməti onların mühafizəsini gücləndirib, gündəlik marşrutlarını dəyişməyi və əlavə təhlükəsizlik tədbirləri görməyi tapşırıb.
Bu narahatlıqlar fonunda iyulun 27-də baş nazir Benyamin Netanyahunu Vaşinqtona aparan Knaf Zion təyyarəsinin uçuş məntəqəsi dəyişdirilib. Təyyarə bu dəfə Ben Qurion hava limanından deyil, Nevatim Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.
Bildirilir ki, uçuşun yeri, vaxtı və marşrutu əvvəlcədən açıqlanmayıb, Baş nazirin ofisinin əməkdaşlarına isə səfərlə bağlı bütün məlumatların məxfi saxlanılması tapşırılıb.


























