Bizim və bizdən yuxarı yaş dövrü Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilən “7 oğul istərəm” filminə baxıb. Filmin ssenari müəllifi Səməd Vurğunun oğlu Yusif Səmədoğludur. Filmdə Gəray bəy obrazını aktyor Həsən Turabov canlandırıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Əsərdən fərqli olaraq filmdə Gəray bəy mənfi obraz kimi daha da qabarıq şəkildə ifadə edilir.
Filmdə bəhs olunan Peykanlı kəndi bir vaxtlar Kür çayı sahillərində yerləşib. Öncəliklə filmdə Peykanlı adının çox çəkilməsi Səməd Vurğunun adı ilə bağlıdır. Belə ki, ssenari bütünlüklə Qazax mahalı ilə bağlıdır.
Sonralar bu yaşayış məntəqəsi ləğv olunub, tarixə qovuşub.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yeddi oğul istərəm” filmində hadisələrin cərəyan etdiyi Peykanlı kəndinin sakinləri bolşeviklərə kömək etməyiblər. Əksinə, onlara qarşı çıxıblar. Bu, elə filmdə də açıq hiss edilir.
Filmin qəhrəmanlarından biri də Şəkər bəyin oğlu Cəlaldır. Ən gənc komsomolçulardan olan, Ənvər Həsənovun ifasında romantik qəhrəman kimi tanıdığımız Cəlal obrazı romantik aşiq olduğu qədər də bolşevik ideyalarına sadiq əsgərdir. Komsomol olsa da bəy övladıdır və əynində komsomolçulara məxsus geyim yox, məhz milli geyimin olması bunu göstərir. Atası Qazaxın ən hörmətli və cəsur bəylərindən biri olan Şəkərdı.
Filmdə Gəray bəy Cəlalı əsir alanda belə bir səhnə var.
“Aşıq Vəli, Şəkər bəy bunun başının üstündə hansı mahnını çalıdırdı”
Şəkər bəy sanbalı kişilərdən olub Qazax mahalında. Gəray bəyin ən yaxın dostu olub. Bu günə qədər də bəziləri sual verir ki, niyə ən yaxın dostunun oğlunu öldürdü. Gəray bəy onu da bağışlaya bilmir ki, uzun illərin sadiq dostu olduğu. sirlərini, kədərlərini, sevinclərini birgə paylaşdığı əziz dostu Şəkər bəyin yeganə oğlu atasının tutduğu yoldan, əqidədən üz döndərir. Əslində Gəray bəyin Cəlalı öldürmək fikri olmayıb. Filmdə rejissor bunu da bizə mesaj olaraq verir. Gəray bəyin sağ əli Gizirlə dialoquna fikir verin:
Birdə ki, Cəlal.
– Dələduz! Haram olsun ona Şəkər bəyin çörəyi.
– Məndən olsaydı, birinci elə onu aradan götürərdik.
– Tələsmə, Gizir, tələsmə. Bilmək olmaz bu dünyanın işlərini. Heç bilmək olmaz!
Lakin Cəlalın bəy nəslinə deyil, komsomol Bəxtiyara sədaqətini də bağışlaya bilmir. Gəray bu hərəkəti ilə dostuna olan sədaqətini də göstərir. Çünki bəy oğlu bəy kimi ölməli idi. Gəray bəy Cəlalı komsomol kimi yox bəy balası kimi öldürməsi də rejissor tərəfindən bizə açıq aydın göstərilir.
“Çal, aşıq, çal. Ağa, bəy havasıdır”. Qan Çanağına qalxmağa komsomolçulardan heç kim cəsarət etməmişdi – bunu komsomolçu-bəyzadə Cəlal bacardı, ona görə ki, faktiki cəhətdən komsomolçu olsa da, ruhən, qan yaddaşına görə bəyzadə kimi də ölür.
Qazaxda Şəkər bəyin evinə Qala deyirmişlər. Çünki burada o qardaşları ilə birgə ermənilərin qəniminə çevrilmiş idi. Bir neçə erməni mənbəsində Şəkər bəy onların ən qatı düşməni kimi qeyd edilir. Şəkər bəyin qorxusundan ermənilər Qazax tərəfdə hərəkət edə bilmirdilər. Erməni millətçiləri XIX əsrdən başlayaraq Qarabağda yerli türk-müsəlman əhalisini qırmaq üçün düşünülmüş şəkildə soyqırımı siyasətinə rəvac vermiş, ən ağlasığmaz üsullarla qətliamlar törətmişlər. Ermənilər azərbaycanlılara qarşı başladıqları soyqırımı siyasətinin başlanğıc mərhələsini 1905-ci ildə qoymuşdular. Millətçi dəstələrindən olan talançılar və soyğunçular evləri yandırır, dinc əhalini qarət edib qırırdılar. Məhz Şəkər bəy də bu hadisələrdən çox qəzəbli idi və ermənilərə etdiklərinin ikiqat artığını edirdi. Hansı erməni Qazax zonasında nəsə artıq hərkət edə bilmirdi onun qorxusundan.
Bəzi məlumatlara görə Şəkər bəy eyni zamanda Qarabağda bəylərə dəstək olurmuş. Gürcüstandan silah alıb ermənilərə qarşı döyüşən Difai üzvlərinə göndərirdi. Böyük sürüsü var idi və qaçaqlara da yardım edirdi. Rus dövlət adamları onunla ehtiyatla davranırdı. Deyilənə görə Tiflisdə oturan qubernator bütün polis sisteminə tapşırmış idi ki,Şəkər bəy tərəfə ayaq basmayın. Osmanlılara da ruslara savaşda silah və maddi yardım edirmiş. Saz sənətinə, söz sənətinə də böyük dəstək verirdi. Aşıqlar onun evində tez tez qonaq olurdular.
Deyilənə görə arada ermənilər çox yaşayan tərəfə gedirmiş ki, hansında silah görsə tutub əlindən alsın.
Hazırda Şəkər bəylə bağlı araşdırmalar edirəm. Hələlik əldə etdiyim məlumatlara görə Şəkər bəy Cəlalın 15 yaşı olanda öldürülüb.
“Yeddi oğul istərəm“ filminin çəkilişləri başa çatandan sonra Moskvada qızğın müzakirələr başladı. Əksəriyyət quruluşçu rejissor Tofiq Tağızadənin öz filminin bəzi epizodlarını Hollivudun məşhur “Möhtəşəm yeddilik“ filminə bənzətdiyini deyir və onu qınayırdı. Belə ittihamlara Tağızadənin cavabı qısa və qəti oldu. O dedi ki, Azərbaycan bəyləri Cıdır düzündə at çapanda Kolumb hələ Amerikanı tapmamışdı.
Filminin təqdimatı olanda Sovet kinomatoqrafçıları filmi qəbul etmirlər. Onlar deyirlər ki, filmin son epizodu dəyişməlidir. Qoy Cəlal Gəray bəyi öldürsün. Bizim rejissor razılaşmır və deyir:
– Ə, bizim bəylərimiz bəy olublar, gədə-güdə əlində ölməyiblər.
Dosent Zaur Əliyev