Çin və Belarus qoşunlarının Belarusun Brest şəhəri yaxınlığında birgə hərbi təlimləri iyulun 19-a qədər davam edəcək. Kod adı “Eagle Assault” (Qartal hücumu) olan bu təlimlər Polşa sərhədindən 5 kilometr aralıda keçirilir. Təlimlərin müddəti də diqqəti çəkib: 11 gün. Antiterror təlimləri çərçivəsində hər iki ölkənin hərbi qulluqçuları gecə desant əməliyyatı, su maneələrinin aşılması və əməliyyatların aparılması üzrə məşqlər həyata keçirirlər. Bu təlimləri NATO-nun Vaşinqton toplantısına cavab kimi qiymətləndirmək olar.
Beləliklə, NATO-ya qarşı yeni blok formalaşmaqdadır. Rusiyanın yaratmağa çalışdığı bu bloka Belarus və Çin cəlb edilib. Qərb Rusiyanın Ukraynaya hücumuna qarşı fəaliyyətini genişləndirərkən, Moskva da tərəfdaşlarını ətrafında toplamağa çalışır. Moskva üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı artıq yetərli deyil, daha böyük hərbi quruma ehtiyac duyur. Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində birbaşa iştirak etməsə də müttəfiqini logistik dəstək və aviabazalarla təmin edib.
Belarus-Çin birgə hərbi təlimləri Polşa yaxınlığında keçirildiyinə görə Şimali Atlantika Blokunun ciddi narahatlığına səbəb olub. Siyasi ekspertlər təlimlərin “Qartal hücumu” adlandırılmasına da diqqət çəkiblər. Qartal ABŞ-ın milli simvolu sayılır. Əslində Çin ABŞ və digər NATO ölkələri ilə qarşıdurmada maraqlı deyil. Ancaq Tayvan məsələsinə görə Çinlə Qərb arasında münasibətlər gərginləşib. Ona görə də Çin Qərb tərəfindən sıxışdırlan Rusiyaya yaxınlaşmağa məcbur olub. Çin hakimiyyətinə yaxın “Global Times” qəzetinidə yayımlanan məqalədə Çinlə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqlarını dərinləşdiyi bildirilib. Məsələ burasındadır ki, Şanxay Əməkdaşlıq Təşkilatı hərbi əməkdaşlığa hədəflənmiş təşkilat deyil.
“Atlas” Araşdırmalar Mərkəzi